Qəzzaya yollanan “Azadlıq Donanması”nın qarşısı alındı
İsrail humanitar məqsədlə Qəzza zolağına yollanan, göyərtəsində isveçli ekofəal Qreta Tunberq və digərlərinin olduğu “Azadlıq Donanması”nın (“Sumud”) gəmilərini ələ keçirib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, İsrail qüvvələri 40-a yaxın gəmini saxlayıb. Təşkilatçılar bildiriblər ki, saxlanılan gəmilərlə əlaqə kəsilib.
Bundan əvvəl Tunberq gəmilərin qarşısını almaq cəhdi barədə məlumat verib və İsrailin hərəkətlərini humanitar və dəniz hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib.
İsrail Xarici İşlər Nazirliyindən (XİN) bildirilmişdi ki, donanmanın təşkilinə İsrail, ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən terror qruplaşması kimi tanınan HƏMAS qruplaşmasının aidiyyəti var. Nazirliyin məlumatına görə, saxlanılan gəmilərdəki sərnişinlər İsrail limanına göndəriliblər.
“Qreta və onun dostları təhlükəsizlikdədir və sağlamdırlar”, - XİN vurğulayıb.
Ekofəalların Avropaya deportasiyası planlaşdırılır.
İsrail hakimiyyəti bu aksiyanı təxribat hesab edir. “İsrail, İtaliya, Yunanıstan və Yerusəlimin Latın Patriarxlığı donanmaya Qəzzaya yardım çatdırmaq üçün dinc üsul təklif etdi. Donanma imtina etdi, çünki onları yardım deyil, təxribat maraqlandırır”, - deyə İsrail hakimiyyətindən bildirilib.
Xatirə SADİQ