Tuskdan Orbana ritorik sual - “Kimin tərəfindəsiniz?”
Polşanın baş naziri Donald Tusk macar həmkarının Brüsselin müharibə istəyi ilə bağlı ittihamını cavabsız buraxmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Polşa hökumətinin başçısı bu barədə X sosial şəbəkəsində yazıb.
“Baş nazir Viktor Orban, Ukraynaya qarşı müharibəni Rusiya başlatdı. Məhz o elə etdi ki, biz müharibə dövründə yaşayırıq. Və belə vaxtda yeganə sual budur: siz kimin tərəfindəsiniz?”, - deyə Tusk soruşub.
Qeyd edək ki, bu gün Kopenhagendə olan Viktor Orban Avropa İttifaqını müharibə istəyində ittiham edib.
“Vəziyyət ciddidir. Masada açıq şəkildə hərbiyönlü təkliflər var. Onlar Aİ-nin vəsaitlərini Ukraynaya ötürmək istəyirlər. Onlar hər cür hüquqi hiylələrlə Ukraynanın üzvlüyünü sürətləndirməyə çalışırlar. Onlar silah tədarükünü maliyyələşdirmək istəyirlər. Bütün bu təkliflər aydın şəkildə göstərir ki, “Brüssellilər” müharibə istəyir”, - deyə Macarıstanın baş naziri X sosial şəbəkəsində yazıb.
Xatirə SADİQ