İvanişvilinin pulu hesabına Tiflisdə Disneylend salınacaq - Kaladze
Tiflisdə hakim “Gürcü arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin iştirakı ilə Disneylendlə müqayisə olunacaq əyləncə parkı tikiləcək.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Tiflis meri və üçüncü müddətə namizədliyini irəli sürən Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, nəinki ölkədə, hətta regionda analoqu olmayacaq bu obyekt Tiflis dənizi sahilindəki dendroparkın davamı kimi nəzərdə tutulub. Plana əsasən, zooparkın əraziyə köçürülməsi başa çatdıqdan sonra tikintiyə başlanılması planlaşdırılır.
“Bidzina İvanişvilinin ailəsi və “Kartu” xeyriyyə fondu, bir çox digər layihələrdə olduğu kimi, əhəmiyyətli xərcləri çəkməklə parkın tikintisinə xüsusi töhfə verəcək. Fürsətdən istifadə edərək Bidzina İvanişviliyə və onun ailəsinə şəhər üçün gördükləri çoxsaylı xeyirxah işlərə görə təşəkkür etmək istəyirəm”, - deyə Kaladze bildirib.
Merin layihənin həyata keçirilməsi üçün təxmini müddət və ya onun dəyəri kimi məsələlərə aydınlıq gətirmədiyi vurğulanıb.
Gürcü mediası nəzərə çatdırıb ki, Kaladzenin yerli seçkilər ərəfəsində İvanişvilinin maliyyələşdirdiyi irimiqyaslı layihəni elan etməsi ilk dəfə baş vermir: “2021-ci ilin yayında Kaladze söz vermişdi ki, “Kartu”nun köməyi ilə Tbilisinin Saburtalo rayonundakı keçmiş hippodromun yerində Nyu-York Mərkəzi Parkının variantı tikiləcək. Artıq 5 ildir ki, buldozerlər ərazini qazır, lakin park hələ də görünmür. Keçən yay məlum olub ki, orada Gürcüstan paytaxtının ən hündür göydələni olan çoxfunksiyalı yaşayış kompleksinin tikintisi planlaşdırılır. Park keçmiş İppodromun ərazisinin yalnız dörddə birini tutacaq və yaşayış kompleksinin bir növ davamı rolunu oynayacaq”.
Xatirə SADİQ