"Qoy it məni saxlasın"
İt saxlamaq, necə deyərlər, it ilindən, yəni çoxdandır ki, dəbdir. Bunun praktiki və dekorativ cəhətləri var.
Praktiki cəhət itdən ovda, qarovulda, heyvandarlıqda logistikada, fövqəladə hallar zamanı istifadə ilə bağlıdır. Dekorativ, yəni bəzək kimi, itlərlə saray qadınları, naz-qəmzəli krallar və əyanlar əyləniblər. Hazırda müasir it həvəskarlarının yanında və qucağında müxtəlif xırda cinsli dördayaqlı gözəlçə görmək mümkündür.
Saxlamaq üçün it seçərkən insanlar hansı prinsiplərə üstünlük verirlər? İlk növbədə "xoşuma gəlir" sadəlövh meyara. Sonrakı yerlərdə "möhtəşəm görkəmi var" (mastit, senbernar və bu kimi cinslər), "ətrafdakılar üçün qorxuncdur" (qoyuniti və döyüş cinsləri), "gözəldir", "zərifdir", "kompaktdır" prinsiplərinə (Pomeranian şpitsi, çixua-xua və bu kimi cinslər). Lakin demək olar heç kim itin sələflərinin bioloji cəhətlərini, saxlamaq üçün məkandakı iqlim şəraitini, cinsin və konkret itin fiziki tələbatlarını nəzərə almır.
İri ölçüləri və böyük çəkisi olan senbernar cinsi suda və qarlı dağ şəraitində xilasetmə əməliyyatları üçün yetişdirilib. Onun yumşaq divanda, qucaqda nə işi var?! Lakin "Bethoven" filmi ekranlara çıxandan sonra bu cins çox populyar oldu, onun "xoşum gəlir" prinsipi üzrə seçimi sağlam məntiqi üstələdi.
Layka cinsindən olan itlər qəribə, başlıcası isə - xoşagələn xarakteristikalara malikdir: yunun rəngi, sifətində karnaval maskasını xatırladan cizgilər, daim şəklənmiş qulaqlar... Laykaları sevdirən çox ciddi "rəis" baxışı və gözlərinin adətən fərqli rəngidir. Bu itlər səsə səs verir - ulayır, "oxuyur", səninlə sanki danışır. Divarların nazik öldüğü şəhər mənzillərində həmin cəhət qonşuların həyatını dözülməz edir. Amma ən mühüm məsələ budur: laykalar çox yüksək soyuğa davamlıdır, onlar Uzaq Şımal bölgələrində, Alyaskada, Arktikada, Antarktidada yaşayır və istifadə olunurlar. Laykaları bir-birinə qoşaraq yük daşıyırlar. Onların pəncəsi 50-70 dərəcə şaxtalı havada buzun üstündə donmur. Bu pəncələri Azərbaycanın cənub yayı şəraitində istidən əriyən asfaltın üstündə gəzməyə məcbur etmək qətiyyən nəcib hərəkət sayıla bilməz!
İti niyə saxlayırsan, əgər onu seçə, düzgün qidalandıra bilmirsənsə, ona təlim kecmirsənsə, onun fiziki və emosional durumuna bələd deyilsənsə!! Qonşu binada yaşayan qoca öz qızının kiçik şıltaqlığını, daha doğrusu şpitsini gəzdirir. Bir dəfə əyilib, iti tumarladım. Dərimlə hiss etdim ki, çox çirklidir. Evə gedəndə əlimi həmən yudum, amma it, şübhəsiz, birbaşa divana hoppanacaq. Sınaq testi kimi qocadan soruşdum: it niyə dilini həmişə bayırda tutur? Bilmədi. Halbuki özü demişdi - 20 ildir it saxlayır.
İndi çoxlu xüsusi ədəbiyyat, ixtisaslaşmış televiziya və "YouTube" kanalları mövcuddur. Onlardan xeyli sayda dəyərli məlumat almaq olur. Təcrübəli it sahibinə bəzi informasiya şübhəli, mübahisəli görünə bilər, amma qonşu kişinin hər mütəxəssis sözünə, məsləhətə ehtiyacı var. Yoxsa daha 20 il it saxlamalıdır ki, bəlkə o yanda (...) öyrəndi.
Azərbaycanda insan həkimlərinin peşə səviyyəsi acınacaqlıdır. İnanmaram ki, heyvan həkimləri - baytarlar - daha savadlı və bacarıqlıdırlar. Üstəlik, həkimin qəbuluna heyvan öz xoşu ilə getmir, dil açıb narazılığını bildirmək imkanından da məhrumdur.
"Qaynana" filmində kinli, davakar qarının qardaşı oğlu deyir: "Mən arvad saxlayan deyiləm, qoy arvadlar məni saxlasınlar". Əslində, bütün it sahibləri məhz belə edirlər: dəbdə olan cinsin nümayəndəsini götürür, onu başqa itlə cütləşdirir, sonra küçükləri bölərək öz payinı yüksək qiymətə satırlar. Amma bunun canlı heyvana sevgi ilə heç bir əlaqəsi yoxdur. Çirkin biznesdir. Yüngül pul qazanmaq ehtirası.
A.ƏZİZ