Qreta Tunberq dostları ilə Qəzzaya gedir
İqlim fəalı Qreta Tunberq və 11 fəal “İsrail blokadasını yarmaq” üçün gəmi ilə Qəzza zolağına yola düşüb.
SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.
“Freedom Flotilla Coalition” tərəfindən idarə olunan “Madleen” yelkənli gəmisi İtaliyanın cənubundakı Siciliyanın Kataniya limanından yola düşüb.
Fəalların sözlərinə görə, gəmi humanitar yardımı çatdırmaq və humanitar böhrana “beynəlxalq diqqəti” cəlb etmək üçün Qəzza sahillərinə getməyə çalışır.
“Biz bunu ona görə edirik ki, qarşımızda hansı maneələr olursa-olsun, cəhd etməyə davam etməliyik. Çünki cəhd etməyi dayandırdığımız an öz insanlığımızı itiririk. Və bu missiya nə qədər təhlükəli olsa da, birbaşa efirdə yayımlanan soyqırım qarşısında dünyanın səssiz qalma təhlükəsi ilə müqayisədə heç nədir”, - deyə Tunberq bildirib.
“Madleen”in heyəti arasında “Taxt-Tac Oyunları”nın aktyoru Liam Kanningem və İsrailin Qəzzaya hücumuna açıq şəkildə etiraz etdiyinə görə İsrailə girişi qadağan edilmiş Avropa Parlamentinin fələstin əsilli fransalı deputatı Rima Hassan da var.
Fəalların fikrincə, səfər yeddi gün çəkəcək.
Xatirə SADİQ