Quranı yandırdı, dövlətə xəyanətdə ittiham olundu – Rusiyada
Volqoqrad vilayətinin prokurorluğu Quranı yandırmaqda təqsirli bilinən Nikita Juraveli dövlətə xəyanətdə ittiham edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun saytında məlumat yayılıb.
İstintaqın versiyasına görə, Nikita Juravel messencer vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib. “2023-cü ilin martında Juravel ona Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını, hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını, habelə hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatları göndərib”, - məlumatda bildirilir.
İş baxılması üçün məhkəməyə göndərilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi üzrə qaldırılmış cinayət işinə görə maksimum sanksiya ömürlük həbsə qədər cəzanı nəzərdə tutur.
Xatırladaq ki, Nikita Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin yanında Quranı yandırmışdı. İstintaq zamanı o, dini ədavəti qızışdırmaq məqsədi ilə ona pul mükafatı təklif edən Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyini etiraf etmişdi. 2024-cü ilin fevralında bu gənc xuliqanlıq və dindarların hisslərini təhqir etməkdə ittiham edilərək üç il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatirə SADİQ