“Livandan qaç, yanında agentlər var” - Xameneinin Nəsrullaha göndərdiyi mesaj yayıldı
İranın ruhani lideri Ayətullah Əli Xamenei öldürülməsindən bir neçə gün əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha Livandan qaçmağı təklif edibmiş.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə üç İran mənbəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Sentyabrın 17-də Livanda peycerlər kütləvi şəkildə partladıqdan dərhal sonra Xamenei elçisi vasitəsilə Nəsrullaha mesaj göndərərək onu İrana gəlməyə çağırıb. İranın ruhani lideri mesajında İsrailin “Hizbullah”da agentlərinin olduğu və qruplaşmanın liderini öldürməyi planlaşdırdıqları barədə kəşfiyyat məlumatlarına istinad edib.
Məlum olub ki, bu elçi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Abbas Nilforuşan olub. O, hücum zamanı Nəsrullahla eyni bunkerdə olub və onunla birlikdə ölüb.
“Hizbullah” liderinin ölümündən sonra Xamenei İsrail agentlərinin Tehrandakı ən yüksək hökumət dairələrinə sızmasından narahatlığını ifadə edib.
Qeyd edək ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da hadisədən sonra iddia edib ki, İsrailə qarşı mübarizə aparmaq üçün Tehranın yaratdığı bölmənin rəhbəri İsrailin “Mossad” kəşfiyyat xidmətinin agenti olub.
Xatırladaq ki, “HƏMAS” hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra Tehrandakı iqamətgahında öldürülməsi bu ölkənin də “Hizbullah” lideri üçün təhlükəsiz olmadığını göstərir.
Xatirə SADİQ