Qurban Qurbanovun bu qərarı narazılıq yaratdı - "Söz tapmıram"

Növbəti mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” susqunluğu pozdu.

Jun 15, 2025 - 00:43
Qurban Qurbanovun bu qərarı narazılıq yaratdı - "Söz tapmıram"

Azarkeşlərin marağına səbəb olan əsas suallardan biri komandanı hansı futbolçuların tərk edəcəyi idi ki, artıq hər şey məlumdur.

Ağdam təmsilçisi bir gecənin içində dörd ayrılıq xəbərini təqdim etdi. İsmayıl İbrahimli, Marko Veşoviç, Patrik Andrade və Yassin Benzia bundan sonra başqa komandaların uğurlar üçün tər tökəcəklər.

“Qarabağ”a könül verənlər Veşoviçlə Andradenin ayrılığını hardasa anlayışla qarşılayıblar. Lakin Benzianın gedişi fanatlarda sözün əsl mənasında narahatlıq yaradıb.

Klubun sosial media səhifələrində yazılan şərhlərdən ümumi vəziyyəti anlamaq çətin deyil:

“Bunu saxlayardız heç olmasa. O səviyyəyə gətir çıxar, sonra da yola sal”.

“Heç bir halda buraxmamalıydız”.

“Gedənlərin arasında Benzianın adını görəndə deməyə söz tapmadım. Ümid edək ki, daha yaxşı transferlər ediləcək”.

“Ən sevdiyim oyunçu idi. Çox heyif. Uğurlar, Yassin”.

“Belə futbolçunu satıb pul qazanmaq olardı. Müqavilə bitdi, yenisi imzalanmadı, getdi”.