Qurbanov bunu hansı futbolçusu barədə dedi? - "Ona bel bağlamaq olmaz"
“Elvində bir az stabillik çatışmır. Ancaq son matçlarda bir az özü də ciddiləşib, bəlkə mən onunla daha ciddi rəftar edirəm. İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Ona bel bağlamaq olmaz”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Kopenhagen”lə oyunun ən yaxşısı Elvin Cəfərquliyevin seçilməsinə münasibət bildirib. O, “avrokuboklarda tənqidlər sayəsində futbolçunu bu uğura gətirib çıxardı, yoxsa sizin nəsihətiniz fayda verdi” sualına belə cavab verib: “Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusu, ikinci də, azərbaycanlının seçildiyi üçün. Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olmaq üçün. Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvinin potensialı bu deyil. Daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur”.
Qurbanov UEFA-nın oyunun ən yaxşı seçdiyi futbolçularla bağlı hər hansı ayrıseçkilik etmədiyini qeyd edib: “Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısına verərdim”.