“Ramştayn” formatında görüş sonuncu ola bilər – Polşa müdafiə naziri
“Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun Ramştayn aviabazasında keçiriləcək iclası bu formatda sonuncu ola bilər”.
SAVASHMEDİA.az Polşa KİV-nə istinadən xəbər verir ki, bunu həmin ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış brifinqdə deyib.
Onun sözlərinə görə, yanvarın 9-da növbəti toöplantısı baş tutacaq “Ramştayn”ın xüsusiyyəti ondan ibarətdir ki, bu qrup NATO-dan daha genişdir.
“Bunun qurucusu ABŞ-nin hazırkı müdafiə naziri Lloyd Ostindir. Mən ona, ilk növbədə, Polşaya verdiyi güzəştsiz dəstəyə, Amerika qoşunlarının Polşada olmasına, Ukraynaya verdiyi dəstəyə, birgə təşəbbüslərə görə təşəkkür etmək istəyirəm. Bu, belə tipli sonuncu görüş ola bilər, çünki ABŞ-ın yeni administrasiyası, ehtimal ki, bu fəaliyyətin fərqli formasını təklif edəcək. Hesab edirəm ki, NATO bu ildən etibarən Yasyonka (Jasionka) hava limanının müdafiəsi ilə bağlı fəaliyyətlərdə olduğu kimi daha çox yükü öz üzərinə götürməlidir”, - deyə polyak nazir əlavə edib.
O, nəzərə çatdırıb ki, ölkəsi Almaniya və İtaliya ilə birlikdə zirehli qüvvələr koalisiyasına rəhbərlik edir. Ona görə də görüşdə Ukraynada üç illik müharibə ərzində artıq əldə edilmiş nailiyyətləri, nə qədər yardım göstərildiyini təqdim etməyi planlaşdırır.
Hərçənd Pentaqonun məlumatında bildirilib ki, Lloyd Ostin “Ramştayn” formatı çərçivəsində “imkanlar koalisiyaları”nın aparıcı ölkələri ilə görüş planlaşdırır və bu görüşdə onlar Ukraynaya 2027-ci ilə qədər dəstək planlarını müəyyənləşdirməlidirlər.
Xatırladaq ki, “Ramstayn” formatı kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu 2022-ci ildə ABŞ-ın himayəsi altında koordinasiya məqsədi ilə yaranıb. Bu qrupa böyük əksəriyyəti NATO üzv olan 50-dən çox ölkə daxildir.
Xatirə SADİQ