Ramzan Kadırov rusiyalı deputatlara qan davası elan etdi – Çeçen dilindəki çıxışın tərcüməsi

Çeçenistanın başçısı Ramzan Kadırov rusiyalı senatoru və deputatları ona qarşı sui-qəsd sifarişində ittiham edib. 

Oct 10, 2024 - 16:15
Ramzan Kadırov rusiyalı deputatlara qan davası elan etdi – Çeçen dilindəki çıxışın tərcüməsi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırov bununla bağlı respublikanın təhlükəsizlik qüvvələri qarşısında çeçen dilində etdiyi çıxışının videosunu öz Teleqram kanalında yerləşdirib. 

O, çıxışında Dağıstandan olan senator Süleyman Kərimovun, Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Qurbanovun adlarını çəkib. 

“Əgər onlar əksini sübut etməsələr, Baraxoyev, Süleyman Kərimov və Rizvan Qurbanova qarşı rəsmən qan davası elan edirəm. Şahidlər var, sifariş verdikləri insanlar var, soruşublar ki, siz Ramzan Kadırovun qətl sifarişini neçəyə qəbul edərsiniz”, - “TASS” onun çıxışının çeçen dilindən tərcüməsindən sitat gətirib.

Ramzan Kadırov həmçinin “Wildberries” şirkətinin Moskva ofisində baş verən atışma ilə bağlı vəziyyətə “milli rəng” vermək və onun adamlarını münaqişənin təhrikçiləri olmaqda ittiham etmək cəhdlərindən də danışıb.
“Bütün xalqları məişət zəminində bir-birinə qarşı qoymağın mümkün olduğuna inanan hər kəs dərindən yanılır. Sözlərə görə cavab vermək lazımdır! Əgər mənə sualınız varsa, deməli, heç bir problem yoxdur”, - deyə Çeçenistan rəhbəri bildirib.

Qeyd edək ki, iyun ayında “Wildberries” və açıq reklam operatoru “Russ”a birləşdiyini elan edəndən sonra şirkətin həmtəsisçiləri Tatyana Kim və keçmiş əri Vladislav Bakalçuk arasında münaqişə yarandı. Kadırov Bakalçuku dəstəkləyərək şirkətin basqınla ələ keçirildiyini bildirdi. Tatyana Kim isə baş verənləri basqınla ələ keçirmə deyil, boşanma adlandırıb və Bakalçukdan boşanmaq üçün məhkəməyə müraciət edib. 

Sentyabrın 18-də Kreml yaxınlığındakı “Wildberries” ofisi tərəfdə silahlı qarşıdurma baş verdi. Nəticədə “Wildberries”in iki mühafizəçisi həlak oldu, 7 nəfər yaralandı. Şirkət bildirdi ki, ilk atəşi Bakalçuku müşayiət edən silahlı şəxslər açıb.

Xatirə SADİQ