“Regional təhlükəsizliyi təhdid edən yeganə ölkə Rusiyadır” - Rumıniya XİN
Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə səbəb olan gərginliyə Rumıniya və Bolqarıstanın töhfə verdiyi ilə bağlı açıqlamasına cavab verib.
SAVASHMEDİA.az bu barədə Digi24 portalına istinadən xəbər verir.
XİN-nin sözçüsü Andrey Tsarnea bildirib ki, Rumıniyanın NATO-ya daxil olması Rumıniya və müttəfiq ölkələrin vətəndaşlarının suveren iradəsidir və heç kəsin təhlükəsizliyinə təhlükə yaratmır.
Onun sözlərinə görə, Putin amansız ilhaq müharibəsi üçün bəhanə olan eyni tanış narrativlərdən istifadə edir.
“Avropada regional təhlükəsizliyi təhdid edən yeganə ölkə Rusiya Federasiyasıdır. Bu ölkə Ukraynada dinc əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər, eləcə də Rusiyanın dezinformasiya kampaniyası, anti-Avropa və anti-NATO təbliğatı ilə müşayiət olunan qanunsuz və əsassız müharibə aparır”, - deyə sözçü əlavə edib.
Rusiyanın dövlət telekanalı olan “Rossiya-1” tərəfindən yayımlanan “Rusiya. Kreml. Putin. 25 il” adlı təbliğat xarakterli sənədli filmdə Kreml liderinin arxiv görüntüləri göstərilib. Putin dünya liderləri, o cümlədən Angela Merkel qarşısında çoxdankı çıxışında “Bolqarıstan və Rumıniyada, hər ölkədə biri olmaqla, yüngül qabaqcıl deyilən Amerika bazaları peyda olur. Və özümüzə açıq şəkildə sual verməyə tam haqqımız var: bu genişlənmə kimə qarşı gedir?” deyə bildirir.
Sonra videoda Putinin müasir bəyanatları göstərilir və o, keçmiş bəyanatlarını belə izah edir: “Bu, bizim tərəfdaşlarımıza və həmkarlarımıza çatdırmaq istədiyim ismarıc idi. Ümid edirdim ki, onlar bizi eşidəcəklər və Rusiyaya münasibətlərini dəyişəcəklər. Amma, təəssüflər olsun ki, onlar bizi eşitmədilər. Yəni, bizi eşitdilər, amma lazımi reaksiya vermədilər. Yekunda bu, Ukraynada bugünkü faciəli hadisələrə gətirib çıxardı”.
Xatirə SADİQ