Rəşad Sadıqov "Neftçi"dən ÜZR İSTƏDİ - "Bəlkə də ofsayddır"
"Bilirdik ki, maraqlı oyun olacaq. İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik. 15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
R.Sadıqov bildirib ki, matçın sonunda baş verən qalmaqala görə paytaxt təmsilçisindən üzr istəyib: "Oyundan sonra "Neftçi"nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. "Neftçi" çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm".
Baş məşqçi "Son dəqiqələrdə vurduğunuz qolu, baş verən qalmaqalı necə şərh edərdiniz" sualını belə cavablandırıb: "Deyilənə görə, ehtiyat oyunçuların qarşısında qolu qeyd edib. Mən də arxaya dönmüşdüm. Nə baş verdiyini görmədim. Qol epizoduna görə nəsə deyə bilmərəm. Epizoda baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm".