Rus general Moskvadakı partlayışda öldü
Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiyanın “RBC” telekanalı məlumat yayıb.
İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko qeyd edib ki, ilkin istintaqa görə, partlayıcı qurğu yaşayış binasının girişinin yanında dayanan skuterə yerləşdirilib.
Daxili İşlər Nazirliyinə yaxın mənbə telekanala bildirib ki, partlayışın gücü trotil ekvivalentində 100 qramdan çox olub.
54 yaşlı Kirillov 2017-ci ilin may ayından radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi vəzifəsini tuturdu.
Bu insidentdən öncə Ukrayna Təhlükəsizlik Xidməti rus generalı qiyabi olaraq Ukrayna Silahlı Qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etmək əmri verməkdə ittiham edib.
Xatirə SADİQ