Rusiya da, Ukrayna da güzəştə getməlidir – “Tramp qərarlıdır”
“Rusiyanın Ukraynadakı müharibəsi danışıqlarla bitməli və hər iki tərəf güzəştə getməlidir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalist Megin Kelliyə açıqlamasında deyib.
Dövlət katibi qeyd edib ki, Putinin törətdikləri dəhşətlidir, lakin onun fikrincə, ABŞ və Qərb də müharibədə səhvlərə yol verib.
“Bu düzgün deyil ki, hansısa yollarla insanları Ukraynanın Rusiya üzərində qələbə çalmaq iqtidarında olduğuna, 2012-ci, yaxud Rusiyanın Krımı zəbt etdiyi 2014-cü ilin vəziyyətinə qayıtmağın mümkünlüyünə inanmağa sövq etdik”, - deyə Marko Rubio vurğulayıb.
Onun fikrincə, indi hər şey uzun sürən müharibənin maliyyələşdirilməsindən söhbət gedən bir vəziyyətə gəlib çıxıb.
"Hər iki tərəf bu müharibədə dəhşətli bədəl ödəyir. Hər iki tərəf maksimalist məqsədlərinə çata bilməyəcəklərini və mühüm iş görülməli olduğunu başa düşür. Və bu, yalnız ABŞ prezidenti Trampın rəhbərliyi altında mümkün ola bilər. Bu, asan olmayacaq və müəyyən vaxt tələb edəcək. Lakin bilirəm ki, o, buna nail olmaq üçün qərarlıdır”, - deyə Rubio bildirib.
Xatirə SADİQ