“Rusiya HƏMAS-dan daha pisdir” - Ukrayna XİN

Ukrayna xarici işlər naziri Andriy Sybiqa tərəfdaşları oktyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın mühüm mülki infrastrukturuna endirdiyi zərbələrə qətiyyətlə reaksiya verməyə çağırıb.

Oct 10, 2025 - 12:58
“Rusiya HƏMAS-dan daha pisdir” - Ukrayna XİN

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri X sosial şəbəkəsində yazıb. 

“Rusiya terrorçuları yüzlərlə pilotsuz təyyarə və raketlərlə Ukrayna boyu mühüm mülki infrastruktura, xüsusilə enerji infrastrukturuna hücum ediblər. Mən bütün tərəfdaşları qətiyyətlə reaksiya verməyə çağırıram. Putin bunu 10 oktyabrda – Ukraynanın enerji infrastrukturuna 2022-ci ildə baş vermiş ilk kütləvi hücumun ildönümündə etdi”, - deyə o, vurğulayıb.

XİN rəhbəri hesab edir ki, bu, son üç il ərzində Rusiya liderinin təcavüzkar hərəkətlərini, terror üsullarını və ya ultimatumlarını dəyişmədiyini və istənilən real diplomatik və sülh səylərini rədd etməkdə davam etdiyini göstərən şüurlu nümayişdir.

“Rusiya HƏMAS-dan daha pisdir. Hətta HƏMAS da atəşkəs və sülh səylərinə razılıq verib. Moskva isə, əksinə, başlatdığı mənasız müharibəni davam etdirir. Bu kütləvi zərbə nəticəsində Zaporojyedəki yeddi yaşlı uşaq həlak olub, bütün ölkə üzrə onlarla dinc sakin yaralanıb”, - deyə Sıbiqa diqqətə çatdırıb.
 
O, əlavə edib ki, Rusiyanın mülki enerji obyektlərinə endirdiyi zərbələrdən sonra Kiyev, Xarkov, Poltava, Zaporojye, Dnepropetrovsk və digər vilayətlərdə çoxlu sayda insan işıqsız qalıb. Nazir xatırladıb ki, payızın şaxtalı vaxtında insanları enerjidən məhrum etmək Soyqırım Konvensiyasının II (c) maddəsinə əsasən soyqırım aktıdır: milli qrupu məhv etmək məqsədi ilə dözülməz həyat şəraiti yaratmaq. 

“Moskvaya təzyiq işləyə biləcək yeganə çarədir. Lakin o güclü və yekdil olmalıdır. Sərt sanksiyalarla iqtisadi təzyiq, Ukraynaya dəstəyin artırılması ilə hərbi təzyiq, tam təcrid yolu ilə isə siyasi təzyiq. Putin hiss etməlidir ki, müharibənin davam etdirilməsinin dəyəri onu dayandırmaqdan daha çoxdur”, - deyə XİN başçısı yekunlaşdırıb.

Xatirə SADİQ