“Rusiya informasiya məkanını mühafizə etmək lazımdır” – Marqarita Simonyan
“Russia Today” media qrupunun və telekanalının erməniəsilli baş redaktoru Marqarita Simonyan ölkənin informasiya məkanını “Google”, “Wikipedia” və “YouTube” kimi resurslardan “mühafizə” etməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Moscow Times” məlumat yayıb.
“Vedomosti! Qəzetinə müsahibəsində Marqarita Simonyan deyib ki, rus auditoriyasına Qərb mediası deyil, “YouTube”, “Google”, “Wikipedia” və sair kimi platformalar daha çox təsir edir.
“Rusiya auditoriyasına həqiqətən böyük təsir göstərən, ümumiyyətlə, KİV adlandırılmayan strukturlardır, hərçənd onlar, əlbəttə ki, KİV-dir. Mən “YouTube” “Google”, “Wikipedia” və sairi nəzərdə tuturam. Bu, onların silahıdır və ən güclüsüdür”, - deyə Kremlin təbliğatçı bildirib.
O, deyib ki, artıq 15 ilə yaxındır bütün verilişlərdə və kabinetlərdə bu “problem”dən danışır. “Sanki bunu başa düşməyənlər yoxdur. Ancaq belə çıxır ki, biz onlarla heç nə edə bilmərik. Onlar bunu bizimlə edə bilərlər – sadəcə bir gündə yüzlərlə kanalımızı götürüb bloklayırlar və bu ardıcıl baş verir. Biz isə yox”, - deyə erməniəsilli baş redaktor şikayətlənib.
Simonyanın sözlərinə görə, o, Rusiya informasiya məkanının bu cür platformalardan qorunmasını çoxdan təklif edib. “ İnformasiya məkanı hərbi nöqteyi-nəzərindən təhlükəsizlik məkanından çox da fərqlənmir. Biz bir dəfə, onilliklər əvvəl onların hərbi bazalarını, çoxlu bazalarını buraya buraxmışıq”, - deyə o, əmin edib.
Simonyan hesab edir ki, Rusiya həmişə informasiya məkanını zərərli informasiyadan qorumaq və müdafiə etmək rıçaqlarına malik olmalıdır. Bu cür məlumatlara misal olaraq o, uşaq intiharını təbliğ edən bəzi YouTube kanallarını göstərib.
Xatirə SADİQ