Rusiya sərhədçiləri Türkiyə və İran sərhədlərindən də çıxarılacaq – Ermənistan XİN

“Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətini dayandıra bilər”.

Jan 24, 2025 - 12:27
Rusiya sərhədçiləri Türkiyə və İran sərhədlərindən də çıxarılacaq – Ermənistan XİN

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbəbr verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan bildirib.

“Əlbəttə, ideal dünyada hər bir ölkə öz sərhədlərinə nəzarət edə bilməlidir”, - deyə Hovannisyan jurnalistin “ABŞ-nin sərhəd təhlükəsizliyi üzrə xüsusi təyinatlı qrupunun Ermənistana səfərinin və fəaliyyətinin rusiyalı sərhədçilərin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılması ilə nəticələnə bilərmi” sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, yanvarın 14-də ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinkenin sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupun səfəri ilə bağlı verdiyi bəyanat Ermənistanda sərhəd nəzarətinin səmərəliliyinin artırılmasına dair olub.

“Bilirsiniz ki, bu (Ermənistanın sərhədlərinə nəzarət – red.), həmişə üçüncü ölkə tərəfindən həyata keçirilib. Nəhayət, biz özümüz sərhədlərimizə nəzarət edə bilməliyik”, - Hovannisyan bildirib.

“ABŞ yardımı Rusiya sərhədçilərinin çıxarılmasına yönələcəkmi” sualına Ermənistan XİN rəhbərinin müavini müsbət cavab verib.

Agentlik xatırladıb ki, 2025-ci ilin yanvarından Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədindəki Aqarak keçid məntəqəsində xidmətini dayandırıb. 2024-cü il avqustun 1-də Rusiya FTX-nin sərhəd xidmətinin nümayəndələri İrəvandakı “Zvartnots” Beynəlxalq Hava Limanında xidmətini başa vurublar. 

Bu il yanvarın əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Türkiyə arasında işlək, açıq sərhəd olarsa, Ermənistan-Türkiyə sərhədində Rusiya sərhədçilərinin sayı azaldıla bilər.

Rusiya FTX-nin sərhəd xidmətinin nümayəndələri 1992-ci ildə bağlanmış müqavilə əsasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə birlikdə respublikanın Türkiyə və İranla sərhədlərini qoruyur.

Xatirə SADİQ