“Rusiya törətdiklərinə görə cavab verməlidir” - Zelenski
“Mayın 7-nə keçən gecə Rusiya işğalçıları Ukraynaya 4 ballistik raket və 142 pilotsuz uçan aparat atıblar”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da məlumat paylaşıb.
Onun sözlərinə görə, dronların yarısı “Şahed” olub və səhər saat 10-a olan məlumata görə, onlarla pilotsuz təyyarə hələ də havadadır.
“Kiyevi iki dəfə vurdular. Əvvəlcə ballistika, səhər isə dronlarla. İndi bütün xidmətlər yerlərdədir, insanlara kömək edir. Bu vaxta kimi 7 yaralı, o cümlədən 4 uşaq haqqında məlumat var. Təəssüf ki, həlak olanlar var – bir qadın və oğlu. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə Zelenski bildirib.
Ukrayna prezidenti xatırladıb ki, dünən axşamdan bəri Zaporojye, Donetsk, Jitomir, Xerson və Dnepropetrovsk vilayətlərinə çoxlu zərbələr endirilib.
O, həmçinin diqqətə çatdırıb ki, ruslar əvvəlcə Sumi vilayətindəki Velika Çerneççinanı ballistik raketlərlə, sonra aviabombalarla vurublar. Xilasedicilər sonradan hadisə yerində işləyərkən rusiyalılar atəşi davam etdiriblər.
Zelenski hesab edir ki, yalnız Rusiyaya təzyiqin nəzərəçarpacaq dərəcədə artması və sanksiyaların gücləndirilməsi öz yerini diplomatiyaya verə bilər.
“Təcavüzkarı müharibə aparmaq üçün resurslardan məhrum edəcək istənilən tədbirlər uzunmüddətli sülh naminə həyata keçirilməlidir. Bunu başa düşən və kömək edən tərəfdaşlara təşəkkür edirəm. Ukraynaya hava hücumundan müdafiə ilə bağlı kömək edən hər kəsə təşəkkür edirəm. Rusiya törətdiklərinə görə cavab verməlidir”, - deyə Ukrayna prezidenti yekunlaşdırıb.
Xatirə SADİQ