Tramp onun istefasını tələb etdi - “Vaxtı çoxdan çatıb…”
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cerom Paueli hazırda illik 4,25-4,5% olan əsas uçot dərəcəsini azaltmaqdan imtinasına görə tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “TruthSocial”da yazıb.
FES başçısının əsas uçot dərəcəsini “çoxdan” azaltmalı olduğunu vurğulayan Tramp onu istefaya çağırıb.
“FES-in yeddinci dəfə faiz dərəcələrini endirməsi gözlənilir. Bu fonda hər zaman yanılan, “gecikən” Cerom Pauel daha bir səhlənkar açıqlama verdi. Neft ucuzlaşır, ərzaq qiymətləri (hətta yumurta!) ucuzlaşır, ABŞ isə tariflərlə zənginləşir. Pauelin istefasının vaxtı çoxdan çatıb”, - deyə Tramp vurğulayıb.
Bir gün əvvəl Çikaqo İqtisadi Klubunda çıxış edən FES rəhbəri Amerika prezidentinin elan etdiyi tariflərin inflyasiyanın səviyyəsinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Trampın gördüyü tədbirlər ABŞ iqtisadiyyatını hədəf göstəricilərdən uzaqlaşdıra bilər.
Xatırladaq ki, martın 18-19-da keçirilən iki günlük iclasdan sonra FES əsas faiz dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb. O 2024-cü ilin dekabrından bu diapazondadır. Bundan əvvəl tənzimləyici ardıcıl üç iclasda dərəcəni cəmi bir faiz bənd azaldıb.
Xatirə SADİQ