“Rusiya, unutma: Rumıniya sənin deyil” - Rumıniya yeni lider seçdi
Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda qərbyönlü namizəd, Buxarest meri Nikusor Dan qalib gəlib.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Rumıniya Mərkəzi Seçki Koçissiyası məlumat yayıb.
Məlumata əsasən, məntəqələrdən gələn protokolların 100%-i işləndikdən sonra Nikuşor Dan 53,6% səslə ikinci turda qalib gəldiyi məlum olub. Onun rəqibi AUR partiyasının ifrat sağçı, rusiyapərəst lideri, milli təhlükəsizliyə təhdid səbəbindən Ukrayna və Moldovaya girişi qadağan edilmiş Corc Simion 46,4% səs toplayıb.
“Europa Liberă România” xəbər verir ki, bazar ertəsinə keçən gecə Danın tərəfdarları onun Buxarestdəki seçki qərargahının qarşısında toplaşaraq “Nikuşor”, “Avropa”, “Rusiya, unutma: Rumıniya sənin deyil” şüarlarını səsləndiriblər.
Dan balkona çıxaraq tərəfdarlarını salamlayıb. Sonra Cismigiu parkında qələbə nitqi söyləyib və ona səs verməyənlərə də müraciət edib. “Bu gün fərqli seçim edənlərə hörmət edirik. Siyasi üstünlüklərdən asılı olmayaraq Rumıniyanı birlikdə qurmalıyıq. Biz Rumıniyanı ölkədəki rumınlarla, diasporada və Moldova Respublikasından olan bessarablarla birlikdə qurmalıyıq. Bessarabiyadan olan rumınlara təşəkkür edirəm və onları əmin edirəm ki, Rumıniya onları Avropa yolunda həmişə dəstəkləyəcək və bir gün biz birlikdə olacağıq”, - deyə yeni seçilmiş prezident vurğulayıb.
Xatirə SADIQ