Rusiya və ABŞ məhbus mübadiləsi həyata keçirdi
Rusiya və ABŞ aprelin 10-da Əbu-Dabidə məhbus mübadiləsi həyata keçirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələrinə istinadən məlumat yayıb.
Moskva dövlətə xəyanətdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilən ABŞ-Rusiya vətəndaşı Kseniya Karelinanı azad edib.
ABŞ Rusiya vətəndaşlığı ilə yanaşı, Almaniya vətəndaşlığını da daşıyan Artur Petrovu azad edib. O, sanksiyalardan yayınaraq Rusiyaya Amerika istehsalı olan mikroelektronikanı ötürməkdə ittiham olunurdu.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Karelina artıq təyyarədədir və ABŞ-yə qayıdır.
“O, bir ildən çox Rusiya tərəfindən haqsız olaraq saxlanıldı və prezident Tramp onun azadlığa buraxılmasına nail oldu. ABŞ prezidenti bütün amerikalıların azadlığa buraxılmasını tələb etməyə davam edəcək”, - deyə dövlət katibi “X”də yazıb.
“The Wall Street Journal”ın məlumatına görə, mübadilə ilə bağlı danışıqlar MKİ direktoru Con Ratkliff və Rusiya kəşfiyyatının yüksək rütbəli rəsmisi tərəfindən aparılıb. Ratkliff mübadilənin baş verdiyi Abu Dabi hava limanında olub və Karelinanı salamlayıb.
“Bu gün Prezident Tramp Rusiyadan haqsız yerə həbs edilmiş daha bir amerikalı qadını evinə gətirdi. Mən bu səyləri dəstəkləmək üçün yorulmadan çalışan MKİ əməkdaşları ilə fəxr edirəm və mübadilənin baş tutmasına icazə verdiyi üçün BƏƏ hökumətinə minnətdarıq”, - deyə Ratkliffin WSJ-yə təqdim edilən bəyanatında bildirir.
Karelinaya hökm ötən ilin avqustunda çıxarılmışdı. O, 2024-cü ilin fevralında qohumlarını ziyarət etmək üçün Los-Ancelesdən uçduğu Yekaterinburqda saxlanılmışdı. Federak Təhlükəsizlik Xidməti (FTX) onun Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı göstərməkdə iştirak etdiyini bildirirdi. Kəşfiyyat xidmətinin məlumatına görə, 2022-ci ilin fevral ayından etibarən Karelina “Ukrayna təşkilatlarından birinin maraqları naminə fəal şəkildə pul toplayıb” və sonradan Ukrayna ordusunun ehtiyaclarına göndərilib. Söhbət 51,8 dollar məbləğində ianədən gedirdi.
Artur Petrov 2023-cü ilin avqustunda ABŞ-nin tələbi ilə Kiprdə saxlanılmışdı. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, ön şirkətlər vasitəsilə ABŞ-də mikroelektronika alıb və sonra onu Rusiyaya göndərib. Petrov qaçaqmalçılıq, ixrac nəzarətini pozma və çirkli pulların yuyulması da daxil olmaqla 11 maddə ilə ittiham olunmuşdu.
Xatirə SADİQ