Rusiyalı hərbçi Kurskda ər-arvadı güllələdi

Aprelin 30-na keçən gecə rusiyalı hərbçi Kursk vilayətinin Giryi kəndində Larinlər soyadlı ər-arvadı güllələyib. 

Apr 30, 2025 - 15:53
Apr 30, 2025 - 16:21
Rusiyalı hərbçi Kurskda ər-arvadı güllələdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Pepel” nəşrinə istinadən “The Moscow Times” məlumat yayıb. 

Məlumata görə, hərbçi sənədləri yoxlamaq bəhanəsi ilə çoxuşaqlı Larinlər ailəsinin evinə daxil ola bilib.

Nəşr qeyd edib ki, nəticədə 41 yaşlı Olesya Larina aldığı yaralardan yerindəcə dünyasını dəyişib, əri reanimasiyadadır. Larinlərin övladlarına zərər dəyməyib.

Yerli sakinlər bildiriblər ki, hərbçi qeyri-adekvat vəziyyətdə olub. Sakinlər onun narkotik təsiri altında olduğunu istisna etməyiblər.

Rusiya Daxili İşlər Nazirliyi və Kursk vilayəti üzrə İstintaq Komitəsi baş vermiş insidentlə bağlı hələlik şərh verməyib.

Bundan əvvəl Kursk bölgəsində yerləşdirilən rusiyalı hərbçilərin dəfələrlə soyğunçuluq və qarətlə məşğul olduqları, evləri və mülkləri qoruyan ev itlərini güllələdikləri barədə xəbərlər yayılırdı. 

Xatirə SADİQ