Rusiyanın 65 neft tankeri dənizlərdə ilişib qalıb
Rusiya neftini daşıyan ən azı 65 tanker Çin, Sinqapur və Rusiya sahillərində lövbər atıb.
SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, bu, yanvarın 10-da ABŞ-nin sanksiyaların yeni mərhələsini elan etməsindən sonra baş verib.
Hazırda beş tanker Çin sahillərində, yeddisi Sinqapurda, digərləri Baltik dənizi və Uzaq Şərqdə ilişib qalıb. Bu saya İran limanları və Süveyş kanalı yaxınlığında müxtəlif yerlərdə dayanmış 25 neft tankeri də daxildir.
Agentlik yazır ki, Rusiya neftinin digər ən böyük alıcısı olan Hindistan da ABŞ sanksiyalarına məruz qalan tankerləri boşaltmaqdan imtina edəcək. Martın 12-dən əvvəl boşaldılması şərti ilə yanvarın 10-dan əvvəl icarəyə götürülmüş gəmilər istisna olacaq. Bundan əlavə, Hindistan bankları neftin sanksiyaya məruz qalmış tədarükçülərdən gəlməməsini təmin etmək üçün onun mənşə sertifikatlarını tələb edəcək.
Qeyd edək ki, yanvarın 10-da ABŞ Rusiyanın iki ən böyük neft ixracatçısı olan “Qazprom Neft” və “Surqutneftegaz”a qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Bunlara, eləcə də onlarla başqa şirkətə indi dollar və ya Amerika maliyyə sistemindən istifadə etməklə maliyyə əlaqələri qurmaq qadağan olunub.
Rusiyanın ən böyük gəmiçilik şirkəti “Sovcomflot”a qarşı sanksiyalar yenidən uzadılıb. Qərbin sanksiyalarını pozaraq Rusiya nefti və neft məhsullarını daşıdığı iddia edilən müxtəlif ölkələrin bayraqları altında üzən 183 tanker də məhdidiyyətlərə məruz qalıb.
Xatirə SADİQ