Rusiyanın təcavüzü istila müharibəsi adlandırıldı - BMT Baş Assambleyası
BMT Baş Assambleyasının dekabrın 17-də işğal olunmuş Ukrayna ərazilərində insan hüquqlarının pozulması ilə bağlı qəbul etdiyi yenilənmiş qətnamədə ilk dəfə olaraq Rusiyanın təcavüzünü istila müharibəsi adlandırıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Bu sənədin Baş Assambleyanın Rusiyanın Ukraynaya təcavüzünü “Ukraynaya qarşı təcavüz müharibəsi” (“War of aggression against Ukraine”) adlandırdığı ilk BMT qətnaməsi olması vacibdir. Xarici İşlər Nazirliyi BMT Baş Assambleyası tərəfindən “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, o cümlədən Krım Muxtar Respublikasında və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı yenilənmiş qətnamənin lehinə 81 səslə qəbul edilməsini alqışlayır”.
XİN qeyd edib ki, sənəd BMT və beynəlxalq ictimaiyyət tərəfindən Rusiyanın işğalçı hakimiyyət orqanları tərəfindən bu ərazilərdə yerli sakinlərə qarşı törədilmiş bütün cinayətlərə və kobud pozuntulara qarşı gücləndirilmiş monitorinqi təmin edir.
“Baş Assambleya növbəti dəfə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü və Ukrayna ərazilərinin statusunda hər hansı dəyişikliyin tanınmamasını təsdiqləyib. Bununla əlaqədar BMT Baş Assambleyası Rusiya Federasiyasından Ukraynaya qarşı təcavüzü dərhal dayandırmağı və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün silahlı qüvvələrini Ukrayna ərazisindən çıxarmağı tələb edir”.
Qeyd edək ki, “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, o cümlədən Krım Muxtar Respublikasında və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı yenilənmiş qətnamə lehinə 81, əleyhinə 14, bitərəf 80 səs olmaqla qəbul edilib.
Xatirə SADİQ