Rusiyaya qarşı sanksiyalara nələr daxildir? - Kaya Kallas açıqladı
Rusiyaya qarşı sanksiyaların 18-ci paketinə “kölgə donanması”nın yüzdən çox gəmisi, Rusiya neftinin tavan qiymətinin aşağı salınması, Rusiya Federasiyasının hüdudlarından kənarda onun hərbi maşınına dəstək verən bank və şirkətlərə qarşı tədbirlər daxildir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Aİ-nin baş diplomatı hesab edir ki, razılaşdırılmış 18-ci paket Rusiya Federasiyasına qarşı istifadə edilən ən güclü paketlərdən biridir.
“Biz “kölgə donanması”nın daha 105 gəmisini, onlara dəstək verənləri siyahıya daxil etməklə və Rusiya banklarının maliyyələşdirməyə çıxışını məhdudlaşdırmaqla Kremlin müharibəni maliyyələşdirmə büdcəsini daha da çox azaldırıq. “Şimal axını” qadağa altında olacaq. Bu həm də neft üçün daha aşağı qiymət tavanıdır”, - deyə Kaya Kallas vurğulayıb.
Onun sözlərinə görə, sanksiyalar paketi Rusiyanın hərbi-sənaye kompleksinə, Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən Çin banklarına əlavə təzyiqlər yaradacaq və hərbi PUA-larda istifadə olunan komponentlərin Rusiyaya idxalına əlavə maneələr yaradacaq.
“Biz ilk dəfə dəniz registratorunu və “Rosneft”in Hindistandakı ən böyük neft emalı zavodunu sanksiya ilə cəzalandırdıq. Bundan başqa, sanksiyalarımız ukraynalı uşaqlara ideologiyanı sırımaqla məşğul olanları da vuracaq”, - deyə Aİ-nin baş diplomatı əlavə edib.
Kallas diqqətə çatdırıb ki, Moskva üçün təcavüzə son qoyması yeganə mümkün çıxış yolu olması məqsədilə Aİ Rusiyaya təzyiqi daha da artırmaqda qərarlıdır.
Xatirə SADİQ