Rusiyaya “turist” kimi gəldiyini iddia edən keniyalı əsir götürüldü - Ukraynada
Ukraynanın 57-ci motoatıcı briqadasının əsgərləri Volçansk ərazisində Rusiya tərəfində döyüşən keniyalını əsir götürüblər.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Evans adlı əsir bildirib ki, Rusiyaya turist kimi gedib, amma iki həftəlik “səyahət”dən sonra onu Rusiyada qəbul edən oğlan ondan Rusiyanı bəyənib-bəyənmədiyini və qalmaq istəyib-istəmədiyini soruşub.
Keniyalının sözlərinə görə, rusiyalı oğlanın rus dilində ona gətirdiyi bəzi sənədləri imzalayıb və həmin oğlan onun pasportunu götürüb. Sonra keniyalını şəxsi avtomobilə mindiriblər və o, Rusiyadakı hərbi düşərgəyə aparılıb.
O, həmçinin bildirib ki, ruslar ona bir həftə təlim keçib və ona yalnız avtomat veriblər. Keniyalı əlavə edib ki, o, əsasən rusların əhatəsində olub, amma “özü kimi” başqa ölkələrin vətəndaşlarını da görüb.
Evansın sözlərinə görə, o, rus ordusundan qaçmaq qərarına gəlib və iki gün meşədə gizlənib, sonra isə ukraynalılarla qarşılaşıb. Keniyalı əsir qeyd edib ki, onu öldürəcəklərini bildiyindən rus tərəfinə qayıtmayıb və ukraynalılara təslim olub.
Özünü Keniyadan olan və qaçışı sevən atlet-idmançı kimi təqdim edən, 16 yaşlı qızının olduğunu bildirən Evans vurğulayıb ki, qisasdan qorxduğu üçün Rusiyaya qaytarılmamasını istəyir.
Ukrayna tərəfi video-müsahibənin əsirin razılığı ilə yazıldığını bildirib.
Xatirə SADİQ