Avrokomissiya İsraili cəzalandırmaq istəyir

Avropa Komissiyası bu gün İsraili Qəzza zolağında hərbi əməliyyatlarına və oradakı ağır humanitar vəziyyətə görə cəzalandırmaq üçün bir sıra addımlar təklif edib.

Sep 17, 2025 - 16:49
Avrokomissiya İsraili cəzalandırmaq istəyir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə komissiyanın mətbuat xidməti məlyumat paylaşıb.

Məlum olub ki, Avropa Komissiyası konkret olaraq Aİ Şurasına Aİ-İsrail Assosiasiyası Sazişinin bəzi ticarət müddəalarını dayandırmağı təklif edir. Avropa Komissiyası həmçinin vətəndaş cəmiyyəti və “Yad Vaşem”ə dəstək istisna olmaqla, müxtəlif İsrail layihələrinə birbaşa dəstəyi dayandırmaq niyyətindədir.

Komissiyanın təklifi Aİ Şurası tərəfindən səs çoxluğu ilə təsdiqlənməlidir. 

Bundan əlavə, komissiya İsrailin iki nazirinə (milli təhlükəsizlik naziri İtamar Ben Qvir və maliyyə naziri Betsalel Smotriç) və ekstremist israilli köçkünlərə, həmçinin HƏMAS siyasi bürosunun 10 üzvünə qarşı sanksiyalar təklif edir. Bu qərar isə Aİ Şurası tərəfindən yekdilliklə təsdiqlənməlidir.

“Politico” nəşri   hesab edir ki, komissiyanın təklifi İsraildən gələn təxminən 5,8 milyard avro dəyərində mallara aiddir.

Avrokomissiya  bundan öncə İsrailin “Horizon Europe” proqramında iştirakını qismən dayandırmağı təklif etmişdi. Həmin proqrama əsasən elmi tədqiqatlar və startapları maliyyələşdirilir. 

Xatirə SADİQ