“Rusiyaya ultimatum verəcəm” – Almaniya kanslerliyinə namizəd

Xristian Demokrat İttifaqından (CDU) Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merts seçkilərdə qalib gələcəyi təqdirdə Rusiyaya ultimatum verəcəyini bildirib.

Nov 12, 2024 - 16:59
“Rusiyaya ultimatum verəcəm” – Almaniya kanslerliyinə namizəd

SAVASHMEDİA.az “Moscow Times” nəşrinə istinadən xəbər verir ki, Merts bu barədə “Ştern”ə müsahibəsində deyib.

O, qeyd edib ki, Ukraynada hərbi əməliyyatları dayandırmağı Moskvadan tələb edəcək və cavab üçün Kremlə bir gün vaxt verəcək. 

Merts bildirib ki, tələb yerinə yetirilməsə, “Taurus” qanadlı raketlərini Ukraynaya ötürməyi və Rusiya ərazisinə hücumlar üçün uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır. 

“Almaniyanın mövqeyi ondan ibarət olmalıdır ki, Ukrayna özünü bütün mümkün vasitələrlə uğurla müdafiə edə bilsin”, - deyə alman siyasətçisi vurğulayıb. 

Merts onu da əlavə edib ki, Vladimir Putinlə dialoqa açıqdır. 

Sentyabrda CDU-nun namizədi olaraq irəli sürülən Merts Rusiyaya qarşı sərt mövqeyi ilə fərqlənir. O, oktyabr ayında Bundestaqda çıxış edərək, daha qətiyyətli kursa çağıraraq, Berlinin “Taurus” raketlərini Kiyevə ötürmək istəmədiyinə görə Olaf Şoltsu sərt tənqid edib. Onun sözlərinə görə, bu səbəbdən Ukrayna “bir əli arxasında” döyüşməyə məcburdur. 

Yayda CDU/CSU müxalifət bloku Almaniyada partiyaların reytinqində lider olub. Birliyin 2025-ci ildə keçiriləcək parlament seçkilərindən sonra Almaniya hökumətinə rəhbərlik etmək şansı yüksəkdir.

Xatirə SADİQ