"Rusların Krımdan qovulması real deyil, ona görə də..." - Trampın müşaviri
“Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq vaxt və səylər tələb edəcək”.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ-nin seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “ABC News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün Tramp yaxın aylarda rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlayacaq.
“Prezident Trampın nöqteyi-nəzərindən qarşı tərəflə hansısa münasibətiniz və dialoqunuz olmasa, razılaşma əldə edə bilməzsiniz. Və biz bunu yaxın aylarda mütləq quracağıq”, - deyə Uolts əlavə edib.
“ABC”nin aparıcısı Conatan Karlın danışıqların yalnız Trampla Putin arasında aparılacağı, yoxsa Ukrayna prezidenti Vladimir Zelenskinin də qatılacağı barədə sualına Mayk Uolts belə cavab verib: “Biz hələ dəqiq formatı müəyyən etməmişik. Biz bunun üzərində işləyirik”.
Uolts bildirib ki, Ukrayna, görünür, Rusiyanı öz ərazisindən tamamilə sıxışdırıb çıxara bilməyəcək.
“Hamı başa düşür ki, bunun hansısa diplomatik yolla bitməsi lazımdır. Mən bütün rusları Krım da daxil olmaqla Ukrayna torpaqlarının hər qarışından qovacağımızı söyləməyi real hesab etmirəm. Prezident Tramp bu reallığı etiraf etdi və mən hesab edirəm ki, bütün dünyanın bu reallığı etiraf etməsi irəliyə doğru böyük bir addımdır. İndi, gəlin, irəli gedək”, - deyə Uolts iddia edib.
Uoltsun fikrincə, Trampın ritorikası müharibənin ümidsiz bataqlıq olduğu və sonsuz davam edəcəyi barədə təsəvvürləri dağıtmağa kömək etdi.
O, bildirib ki, seçkilərdən sonra bir çox insanların Ukrayna müharibəsinə qeyd-şərtsiz dəstək mövqeyindən necə döndüklərinə heyrət edib. “İndi hətta prezident Zelenski də “Bunu bitirmək üçün sizinlə işləməyə hazıram” deyir”, - deyə Uolts vurğulayıb.
Qeyd edək ki, yanvarın 7-də Tramp mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə görüşün təşkilinə hazırlığın getdiyini açıqladı.
Xatirə SADİQ