“Sabah” prezidentindən uğur etirafı: Sirr "Moneyball" fəlsəfəsindədir - SADƏ İZAH
Futbol dünyasında böyük maliyyə nəhənglərinə qarşı elmi və statistik üstünlük təmin edən “Moneyball” modeli, az resursla maksimum nəticə göstərməyin əsas formuludur.
SAVASHMEDİA.az xəbər verir ki, “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov klubun Avropa arenasında əldə etdiyi uğurun arxasında məhz bu fəlsəfənin dayandığını bildirib.
“Euronews”a açıqlama verən klub rəhbəri böyük büdcəli Avropa klubları ilə maliyyə baxımından rəqabət apara bilmədikləri üçün fərqli inkişaf yolu seçdiklərini vurğulayıb:
“Bizi 'Moneyball' fəlsəfəsi ruhlandırdı. Bu yanaşma göstərdi ki, məlumatlardan düzgün istifadə və düşünülmüş seleksiya klubun maliyyə imkanlarından qat-qat yüksək səviyyədə rəqabət aparmasına şərait yarada bilər”.
“Moneyball” fəlsəfəsinin 3 ana prinsipini təqdim edirik:
Məlumatlara (Data) söykənmək: Oyunçunun məşhurluğu və ya adı deyil, dəqiq statistik göstəriciləri (pressing, pas dəqiqliyi, səmərəlilik) əsas götürülür.
Gizli potensialı tapmaq: Bazarda lazımi dəyəri görməmiş, qiyməti münasib, lakin effektivliyi yüksək futbolçular heyətə cəlb olunur.
Maliyyə səmərəliliyi: Nəhəng büdcələrə ehtiyac qalmadan rəqabətədavamlı komanda formalaşdırılır.
“Sabah”ın tətbiq etdiyi bu model təkcə klubun daxili strategiyası kimi qalmayaraq, məhdud büdcə ilə Avropada uğur qazanmaq istəyən digər regional komandalar üçün də unikal nümunəyə çevrilir. Analitik seleksiya və dəqiq dataya söykənən idarəetmə sisteminin önümüzdəki mövsümlərdə də Azərbaycan futbolunda əsas trend olacağı gözlənilir.
Səlcuq