Satışı bütün dünyada qadağan edilən yağlar Bakıdakı marketlərdə - Kim, necə gətirir, qarşısı alınacaqmı?
Rusiyanın Belqorod vilayətində istehsal olunan təmizlənməmiş günəbaxan yağı "Sloboda" barədə narahatedici məlumatlar yayılıb.
Belarus Respublikasına idxal edilən "Sloboda" əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarus Respublikasının dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi barədə qərar verilib.
SAVASHMEDİA.az bizim.media-ya istinadən xəbər verir ki, məlumatda yağların Gömrük İttifaqının "Qida məhsullarının təhlükəsizliyi haqqında", "Yağ və yağ məhsulları üçün texniki reqlamentlər", GOST 1129-2013 "Günəbaxan yağı" texniki reqlamentinin tələblərinə cavab vermədiyi göstərilib:
"Zəif təmizlənmiş və köhnəlmiş yağda daha çox peroksid var. Peroksidin sayı nə qədər yüksək olarsa, yağ işıqda da bir o qədər uzun müddət saxlanılırdı. Bu yağın keyfiyyətsiz xammaldan, xarab günəbaxan tumlarından hazırlanması tamamilə mümkün görünür".
Aşkar edilən faktlara - Gömrük İttifaqının qaydalarına uyğunsuzluq fonunda "Sloboda"-nın Belarusda və dünyada satışı sentyabrın 23-dən qadağan edilib.
Amma hazırda Azərbaycan bazarında kifayət qədər "Sloboda" yağları var. Hətta ölkənin ən böyük ticarət şəbəkələrində "Sloboda" yağlarına rast gəlmək olar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, az təmizlənmiş yağların saxlanma müddəti çox qısadır:
"Çox yaxşı haldır ki, Azərbaycanda bu yağların istehsalına başlanılıb. Yaxın günlərdə yerli istehsal nümunələrini marketlərdə görə biləcəyik. Bununla belə yağ istehsalçıları öz məhsullarını "ölməz" etmək üçün üzərinə uzun yararlılıq müddəti qoyurlar. Ona görə də "Sloboda" haqqında verilən qərar məntiqlidir. Çünki az təmizlənmiş yağ uzunmüddət saxlanıla bilməz.
Onu da nəzərə alaq ki, təhlükəli və keyfiyyətsiz mal anlayışı müəyyən partiyalara aiddir. Çox təəssüf ki, Belarus tərəfi qərarın məhsulun hansı partiyalarına aid olduğunu açıqlamır. Buna görə də istehlakı qadağan edilən yağ partiyalarının Azərbaycana da daxil olması istisna olunmur. Digər ölkələrdə istehlakı qadağan edilən "Sloboda" yağlarına qarşı ölkəmizdə də həssaslıq göstərilməlidir".
Maraqlıdır ki, Belarusun müvafiq qurumlarının xəbərdarlıqları fonunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də müayinələr aparıb.
Qurumdan bildirilib ki, təşvişə və narahatlığa lüzum yoxdur:
"Ölkə ərazisində fəaliyyət göstərən müxtəlif ticarət şəbəkələrində satışı həyata keçirilən "Sloboda" əmtəə nişanlı müxtəlif növ bitki yağı partiyalarından Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aparılan sınaq nəticələrinə əsasən, ölkəmizə idxal olunan həmin bitki yağı məhsulu partiyalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb. Sözügedən qida məhsulu ilə bağlı heç bir narahatlığa əsas yoxdur".