“Seçkilər danışıqların bir hissəsi ola bilməz, Putini gücləndirəcək” – Avropa komissarı
“Ukraynada seçkilərin keçirilməsi Ukrayna hakimiyyətinin suveren qərarı olmalıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, Kubilius bunu “Le Monde” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerikanın güc tətbiq etmədən sülhlə bağlı bəyanatları onların formulunun dəyişdirilməsini göstərir və bu, Putinin güclənməsinə töhfə verir.
“Bu, Putini siyasi cəhətdən gücləndirmək riski daşıyır. Ümid edirəm ki, onlar ciddi səhvlərə yol verməzlər. Lakin onlar bizimlə, öz avropalı tərəfdaşları və ya G7 ilə güclü sülh strategiyasını razılaşdırsaydılar, daha pozitiv əhval-ruhiyyədə olardım”, - deyə Avropa komissarı məyusluğunu gizlətməyib.
Kubilius bildirib ki, ABŞ diplomatlarının məsləhətləşmədən hərəkət etməsi Ukraynada böyük çaşqınlıq və emosiya doğurur.
“Bu, məni narahat edir, çünki ukraynalılar üçün bu vəziyyət çox mənfi nəticələrlə atılmış hissi yarada bilər. Biz özünü və bizi qorumaq üçün mübarizə aparan ukraynalılar tərəfindən qərarlarımızın və sözlərimizin necə qəbul edildiyinə çox həssas yanaşmalıyıq”, - deyə o, izah edib.
Avropa komissarı amerikalı prezidentin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla söhbətinin təfərrüatlarından da danışıb: “Biz çox açıq danışdıq. Mən ona dedim – bəli, bizə Ukraynada sülh lazımdır, lakin güc vasitəsilə sülh. Bunu hamı təkrarlayır, o cümlədən amerikalılar da. Amma mən formulun ikinci hissəsi – güc məsələsi ilə başlayardım. Ədalətli sülhə nail olmaq üçün ukraynalılara əlavə güc lazımdır və bu güc ancaq biz tərəfdən, Amerikadan və Avropadan gələ bilər. Beləliklə, əvvəlcə güc, sonra sülh”.
Komissarın sözlərinə görə, avropalılar üçün sülh aydın prinsiplərə – Ukraynanın ərazi bütövlüyü, işğalın tanınmaması, məhdudiyyətsiz güclü Ukrayna ordusu və Rusiya Federasiyasına qarşı sanksiyaların saxlanılmasına əsaslanmalıdır.
“Bir sıra Avropa ölkələrinin kəşfiyyat xidmətlərindən Rusiyanın 2030-cu ilə qədər bizə hücum etməyə hazır ola biləcəyi ilə bağlı xəbərləri çox ciddi qəbul etməliyik”, - deyə komissar dəqiqləşdirib.
Kubiliusun fikrincə, rusların Ukraynaya dəymiş ziyanı ödəməlsi mühüm məqamdır: “Danışıqlar bərabər şəxslər arasında deyil, təcavüzkarla qurban arasında aparılır. Ona görə də kompensasiya razılaşmaları əldə olunana qədər Rusiyanın aktivləri dondurulmalıdır. Nəhayət, seçkilər danışıqların bir hissəsi ola bilməz”.
Xatirə SADİQ