Sən kuklasan! - Onun kimi gözəl yox, oyuncaq
İş elə gətirib ki, smartfon ata-anadan əzizdir.
Valideynlərinə gün ərzində neçə dəfə toxunur, tumar çəkirsən? Ha! Smartfon isə əlindən düşmür, onunla ehtiyatlısan. Bəs internetdə deyilən söz? O, səninçin göylərdən ilahi göstəriş kimi səslənir.
İnternetdə verilən tövsiyələri qətiyyən izləmirəm. Orada bir-birinə zidd məsləhətlər var. Həmin tövsiyələrlə oturub-duran insanlarla isə çox rastlaşmışam. Dəhşət burasındadır ki, bu adamlar hər yeni məlum reseptə aludə olurlar. İnternet insanları kukla kimi idarə edir. Yazılır ki, xiyarın qabığını soymaq lazımdır.
Başqa kanalda deyilir: bütün vitaminlər qabıqdadır, onunla ye. Digəri iddia edir: qabıq qalsın, amma xiyarın uclarını kəsib at.
Yaşlı oynaq qadın dükanda rast gəldi. Əlindəki plastik butulkanı göstərib dedi:
– Gündə 2 litr su içmək lazımdır.
– Kimə? - deyə soruşdum.
– Hər kəsə.
– 18 yaşında gənc və 78 yaşlı qoca da 2 litr içməlidir? Çəkisi 45 kiloqram olan “ceyran” və 130 kiloqram ağırlığında “fil” də eyni miqdarda içməlidirlər? Oturaq işdə çalışan və işdə daim hərəkətdə olan da, xəstə insan və sağlam idmançı da?
Qadının zəhləsini tökdüm. Nə edim, peşəm belədir: düşünmək istəməyənləri psixoloji işgəncə ilə vadar edirəm.
Su içməklə əlaqədar “məzəli” əhvalat. Qonağım yeməklə bərabər dərman qəbul edirdi. Stol arxasında. Bir gün dedi ki, üstündən azı(!) bir stəkan su içmək lazımdır. Başqa vaxt ayağa qalxıb şax vəziyyətdə içdi. Niyə? İnternetdə göstərilmişdir ki, belə içərkən dərman birbaşa aşağıya gedir. Sataşdım: “Bəs oturub içəndə dərman stolun altına düşür? Xörəyi niyə əyləşərək yeyirsən?”.
– Sən bilməzsən, - deyə kobudluğa keçdi.
Bu zaman anladım: internetdə desələr gecə yatdığım yerdə məni öldürsün – öldürəcək! Yaxşı ki, virtual məsləhətçisinin növbəti əmrinə qədər öz evinə yola düşdü...
Bir vaxtlar evə hər hansı səbəbdən həkim çağırılanda, ondan xahiş edirdilər təzyiqi də ölçsün. Apteklərdən nəinki təzyiq aparatı, hətta daha sadə vasitə olan stetoskop da almaq olmurdu. İndi bazarda hər cür vasitə var. Üstəlik, xəstəliklərin xəstələri – fanatları meydana gəliblər. Onlar öz qan təzyiqini gün ərzində dəfələrlə ölçür, evdə yanından keçənlərə də təklif edirlər. Dərmanları öz ağzına az qala ovucla atırlar.
Son dövrün təhlükəli xəstəliklərindən biri vitaminomaniyadır. “C” vitaminindən başlayıb, “Omega 3”-ə keçdilər. İndi isə ən populyar mahnı, pardon, vitamin “D3”-dür. Heç dərman, vitamin populyar olar?! Hər xəstəliyin – əgər müalicəsi varsa – məlhəmi də olur. Həkim səni öz vacibliyinə inandıraraq, klinika isə xidmətini baha sataraq, orqanizmin “D3”-ə tələbatını ölçür, “Qapının yanındakı aptekdən al” deyərək, sahibin malını da işə verirlər. Sən isə anlamırsan ki, yüngül və ağır atletika, boks və ya güləş üzrə dünya çempionu da gəlsə, bu lotular onda milyon xəstəlik “tapacaq” və müalicə kursu təyin edəcək, kurs bitdikdən sonra bir daha analizlər götürəcəklər.
Vitaminləri, bioloji aktiv əlavələri “Ziyanı yoxdur” deyib bir ucdan qəbul etmək qətiyyən yaramaz. Hər insanda, o cümlədən çempionda da bir çox vitamin normadan azdır. Bunun təhlükəsi yoxdur. Yalnız kritik səviyyədə çatışmayan vitamini qəbul etmək lazımdır. Kritik! Əgər beləsi varsa.
Ye, iç, gəz, yat.
İşlə, dincəl.
Oyna, gül, danış.
Sevil, sev.
Həyatını yaşa, onu düşün. Xəstəlikləri, ölümü yox!
A.ƏZİZ