Rusiya səngərlərə zəhərli qaz atıb? - 34 ölkədən KREMLƏ SƏRT TƏLƏB

34 ölkə və Avropa İttifaqı Rusiyanı Ukraynada hərbi əməliyyatlar zamanı gözyaşardıcı qazdan və digər zəhərli kimyəvi maddələrdən istifadəni dayandırmağa çağırıb.

Nov 26, 2026 - 12:52
Rusiya səngərlərə zəhərli qaz atıb? - 34 ölkədən KREMLƏ SƏRT TƏLƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Buna səbəb Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) Ukraynada Rusiya hücumu nəticəsində zədələndiyi bildirilən səngərdə gözyaşardıcı qazın izlərini təsdiqləməsidir.

Təşkilatın təsdiqlədiyi laboratoriyaların araşdırması zamanı nümunələrdə CS adlı gözyaşardıcı maddənin olduğu müəyyən edilib. Bu maddənin müharibə vasitəsi kimi istifadəsi beynəlxalq konvensiya ilə qadağandır.

Ukrayna tərəfi 2022-ci ildən bəri Rusiya hərbçilərinin gözyaşardıcı qaz və digər zəhərli maddələrlə təchiz edilmiş sursatlardan 14 mindən çox halda istifadə etdiyini iddia edir.

Noyabrın 25-də yayılan birgə bəyanatda Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və digər ölkələrin nümayəndələri bu cür maddələrin döyüş əməliyyatlarında istifadəsinin dərhal dayandırılmasını tələb ediblər.

Bəyanatda hadisələrdə məsul şəxslərin müəyyənləşdirilməsi üçün OPCW mexanizmlərindən istifadə olunmasının vacibliyi də vurğulanıb.

Rusiya isə qanunsuz sursatlardan istifadə etməsi ilə bağlı ittihamları rədd edir və Ukraynanı da bu cür vasitələrdən istifadə etməkdə günahlandırır.

Aytən