İsrail Qəzzada HƏMAS rəsmisini və həyat yoldaşını ÖLDÜRDÜ
İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS hökumətinin yüksək vəzifəli nümayəndəsi Xalid Əbu Nədanı öldürüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, zərbə noyabrın 26-na keçən gecə Deyr əl-Bələh şəhərində yaşayış binasına endirilib. Hücum nəticəsində Xalid Əbu Nəda ilə yanaşı, onun həyat yoldaşı da həyatını itirib.
Fələstin mənbələrinin məlumatına əsasən, Əbu Nəda HƏMAS-ın nəzarətində olan hökumətdə təhsil nazirinin müavini vəzifəsində çalışıb.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats onun öldürüldüyünü təsdiqləyiblər. Birgə açıqlamada Əbu Nədanın HƏMAS-ın iqtisadiyyat və təhsil sahələrinə cavabdeh olan yüksək vəzifəli nümayəndəsi olduğu bildirilib.
İsrail rəhbərliyi əməliyyatın HƏMAS-ın yüksək vəzifəli üzvlərinə qarşı həyata keçirilən məqsədli zərbələrin tərkib hissəsi olduğunu açıqlayıb.
Qeyd edək ki, bu hadisə Qəzza zolağında atəşkəs razılaşmasına baxmayaraq, İsrailin HƏMAS nümayəndələrinə qarşı əməliyyatlarının davam etdiyi bir vaxta təsadüf edir.
Associated Press agentliyinin məlumatına görə, gecə ərzində Qəzza zolağının müxtəlif ərazilərinə endirilən İsrail zərbələri nəticəsində ümumilikdə azı səkkiz fələstinli həyatını itirib.
Səlcuq