ABŞ-də 100 illik ənənə pozuldu
ABŞ-nin Nyu-York şəhərində hər il Şükran Günü münasibətilə keçirilən məşhur Macy's paradı güclü fırtına təhlükəsi səbəbindən təxirə salınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Zohran Mamdani və paradın təşkilatçıları məlumat yayıblar.
Qərara əsasən, noyabrın 26-da keçirilməsi planlaşdırılan tədbir noyabrın 28-nə, şənbə gününə keçirilib. Parad yerli vaxtla saat 08:30-da başlayacaq.
Məlumata görə, Nyu-Yorkda güclü külək, leysan yağışları və sahilyanı ərazilərdə daşqın təhlükəsi gözlənilir. Küləyin sürətinin saatda 96-105 kilometrə qədər yüksələ biləcəyi proqnozlaşdırılır.
Təşkilatçılar qərarın iştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edildiyini bildiriblər.
Bu il 100-cü dəfə keçirilməsi nəzərdə tutulan Macy's paradının hava şəraitinə görə təxirə salınması onun tarixində ilk belə hadisədir. Tədbir İkinci Dünya müharibəsi illərində helium və rezin çatışmazlığı səbəbindən 1942-1944-cü illərdə dayandırılmışdı. Lakin bu, müharibədən sonrakı dövrdə hava şəraitinə görə ilk təxirəsalma hesab olunur.
Qeyd edək ki, Macy's Şükran Günü paradı ABŞ-ın ən məşhur bayram tədbirlərindən biridir. Nəhəng şişmə fiqurlar, musiqi kollektivləri, rəqqaslar və müxtəlif səhnə kompozisiyalarının nümayiş olunduğu tədbir hər il milyonlarla insanın diqqətini çəkir.
Aytən