Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi HAZIRLANIR
Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinin həyata keçirilməsi gözlənilir. Mübadilənin ilin sonunadək, bayramlar ərəfəsində baş tutacağı bildirilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner məlumat verib.
O, Axel Springer media qrupunun rəhbəri Matthias Döpfnerə müsahibəsində bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirdiyi üçtərəfli görüşün əsas məqsədlərindən biri genişmiqyaslı humanitar əsir mübadiləsinə nail olmaq olub.
Kuşnerin sözlərinə görə, mübadilə yaxın vaxtlarda, bayramlardan əvvəl həyata keçirilə bilər və müharibənin başlanmasından bəri ən böyük belə əməliyyat olacaq.
ABŞ rəsmisi bildirib ki, bunun nəticəsində minlərlə insan ailəsinə qovuşa biləcək.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri noyabrın 10-11-də Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıblar. Görüşlər zamanı genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılıq əldə olunduğu açıqlanıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov da noyabrın 25-də növbəti əsir mübadiləsinin noyabrın sonu və ya dekabrın əvvəlində baş tuta biləcəyini bildirib.
Hazırda mübadilənin dəqiq tarixi və neçə nəfəri əhatə edəcəyi açıqlanmayıb.
Aytən