Ermənistan Türkiyə vasitəsilə Avropaya çıxmaq istəyir - Paşinyanın yeni PLANI
Ermənistan Türkiyə və Azərbaycanla elektrik enerjisi şəbəkələrini birləşdirməyi, gələcəkdə isə Avropanın enerji məkanına inteqrasiya olunmağı planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Gürcüstan və İranla enerji əlaqələrinin genişləndirilməsi Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq və yeni iqtisadi imkanlar yaradacaq.
Kostanyan qeyd edib ki, ilkin mərhələdə Ermənistanın elektrik şəbəkəsinin Türkiyə və Azərbaycan sistemləri ilə məhdud texniki rejimdə əlaqələndirilməsi müzakirə olunur. Gələcəkdə tam sinxronlaşdırma da gündəmə gələ bilər.
Nazir müavininin sözlərinə görə, bunun üçün Ermənistanın enerji sistemi Avropa standartlarına uyğunlaşdırılmalıdır. Belə bir addım ölkənin yalnız Türkiyə ilə deyil, bütövlükdə Avropanın enerji məkanı ilə əlaqələnməsinə imkan verə bilər.
Paşinyan Azərbaycanla enerji əlaqələrini də gündəmə gətirib
Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin Azərbaycan və Türkiyə ilə elektrik şəbəkələrini birləşdirmək niyyətində olduğunu açıqlayıb.
O, noyabrın 23-də İrəvanda keçirilən DigiTec 2026 tədbirində çıxışı zamanı enerji əməkdaşlığının TRIPP layihəsinin mühüm istiqamətlərindən biri olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan hazırda Gürcüstan və İranın elektrik şəbəkələrinə qoşulub və enerji ötürülməsinin səmərəliliyini artırmaq üçün yeni investisiyalar həyata keçirir.
Türkiyə ilə elektrik xətti bərpa edilə bilər
Ermənistan və Türkiyə arasında mövcud olan Gümrü-Qars elektrik ötürücü xəttinin yenidən istifadəyə verilməsi də müzakirə olunur.
Bu məsələ oktyabr ayında Türkiyənin Elektrik Ötürmə Şirkətinin (TEİAŞ) nümayəndə heyətinin Ermənistana səfəri zamanı müzakirə edilib.
Qeyd edək ki, Ermənistanın enerji sisteminin qonşu ölkələrlə əlaqələndirilməsi regional əməkdaşlıq baxımından yeni imkanlar yarada bilər. Bununla belə, texniki bağlantıların qurulması hələ elektrik enerjisinin faktiki ticarətinin başlanması demək deyil.
Səlcuq