“Sərhədlərimizə qədər irəliləyə bilərlər” - Kreml narahatdır
“Böyük Britaniya və Ukrayna arasında sazişin ölkə ərazisində Britaniya hərbi bazalarının yaranma ehtimalını nəzərdə tutan müddəaları narahatlıq doğurur”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml baş verənləri təhlil edəcək: “Bu, NATO üzvlüyünə zəmanət verən müddəa deyil. Hərçənd, Britaniyanın NATO ölkəsi olduğunu nəzərə alsaq, onun hərbi infrastrukturunun bizim sərhədlərimizə doğru irəliləməsi şübhəsiz ki, kifayət qədər narahatedici elementdir. İstənilən halda, bundan sonra nə baş verəcəyini daha ətraflı təhlil etmək lazımdır”.
Kremlin sözçüsü müqavilədə Azov, Baltik və Qara dənizlərdə Ukrayna ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəanı da mənfi səciyyələndirib.
“Bu (Azov dənizi – red.), həqiqətən Rusiyanın daxili dənizidir və Ukrayna ilə Böyük Britaniya arasında qarşılıqlı əlaqədən söhbət gedə bilməz", - Peskov əlavə edib.
Britaniya hökuməti bundan öncə Ukrayna ilə 100 illik tərəfdaşlıq haqqında müqavilənin şərəfinə bəyannamənin mətnini dərc edib. Sənəddə Londonun Kiyevə 2030/31-ci ilə qədər 3 milyard funt sterlinqdən az olmayan illik və “Ukraynaya dəstək üçün lazım olan qədər” hərbi yardım göstərəcəyi barədə bənd var.
“İştirakçılar Ukraynada müdafiə infrastrukturunun, o cümlədən hərbi bazalar, logistika anbarları, hərbi texnika üçün ehtiyat anbarlar və hərbi anbarların yerləşdirilməsi və saxlanması variantlarını nəzərdən keçirəcəklər”, - sənəddə deyilir.
Xatirə SADİQ