Şimali Koreya məşhur generalını Rusiyaya göndərdi
Şimali Koreya öz qoşunlarına rəhbərlik etməsi üçün general-polkovnik Kim Yonq Boku Rusiyaya göndərib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazıb ki, bu general KXDR-in 10 ən mühüm hərbi xadimindən biridir və tez-tez Kim Çen Inın köməkçisi kimi fəaliyyət göstərir.
“General-polkovnik Kim Yonq Bokun nadir hallarda adı çəkilirdi və o, ictimaiyyətdə demək olar ki, görünmürdü. Şimali Koreyanın xüsusi təyinatlılarına rəhbər rolu ondan şəxsiyyətini gizlətmək üçün kölgədə qalmağı tələb edirdi. Amma indi o, ictimaiyyətə çox açıq fiqur hesab olunur. O, Rusiya ərazisinin bir hissəsini ələ keçirmiş Ukrayna qoşunlarını sıxışdırıb çıxarmaqda Moskvaya kömək etmək üçün 11 mindən çox Şimali Koreya əsgərinin yerləşdirildiyi Rusiyada Şimali Koreyanın yüksək səviyyəli hərbi rəsmisidir”, - nəşr vurğulayıb.
Kiyev və Seul rəsmilərinin koreyalı generalın Rusiyada olduğunu təsdiqlədiyi bildirilir.
Qeyd edilib ki, general-polkovnikin özünün döyüşdə iştirakı gözlənilmir. Lakin Şimali Koreyanın yüksək səviyyəli hərbi rəsmilərindən birinin səfəri bu ölkənin gələn ilin sonuna kimi Rusiyaya kömək etməkdə maraqlı olduğunu göstərir.
Xatirə SADİQ