Siyasi texnoloq və jurnalistlər parlament binasının önündə saxlanıldı – Moskvada
Rusiyalı siyasi texnoloq, prezidentliyə keçmiş namizəd Boris Nadejdinin seçkiqabağı qərargahının keçmiş rəhbəri Dmitri Kisiev fərdi piketə görə Dövlət Dumasının binası yaxınlığında saxlanılıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kisiyev internetdə ekstremist materialların axtarışına görə cərimələrlə bağlı düzəlişlərə etirazını bildirmək istəyib.
Kisiev əlində “Senzurasız Rusiya uğrunda. Oruel metodiki vəsait deyil, antiutopiya yazıb” sözləri yazılmış plakat nümayiş etdirib.
Polislər Kisiyevdən başqa RusNews-un müxbirləri Yuliya Petrova və Konstantin Jarovu, həmçinin “Kommersant”ın jurnalisti Bojena İvanovanı saxlayıb.
Kisiev və Nadejdin bu gün Dövlət Dumasının binasına gəliblər. Burada bu gün ekstremist materialların axtarışına görə cərimələr haqqında qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.
Boris Nadejdin öz Telegram kanalında yazıb ki, polis əməkdaşları dərhal onlara yaxınlaşıblar: “Polkovnik-leytenant başda olmaqla, tam təchiz olunmuş 10-a yaxın adam yaxınlaşdı. Onlar bilirlər ki, bizə kütləvi piket keçirməyə qadağa qoyulub. Qanun pozuntuları, təhlükəsizlik və s. barədə xəbərdarlıq etdilər. Çantalarımızı yoxladılar”.
Kisiev bundan öncə bildirmişdi ki, o, “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə” görə Rusiya vətəndaşlığından məhrum edilib. O, 2014-cü ildə ilhaq edilmiş Krımın sakini kimi Rusiya vətəndaşlığını almışdı.
Xatirə SADİQ