Slovakiya Aİ-yə şərt qoydu - “Dəstəkləməyə hazırıq, amma…”

Slovakiyanın xarici işlər naziri Yuray Blanar Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı təklif etdiyi 18-ci sanksiyalar paketini dəstəkləməyə hazır olduğunu bildirib

Jun 24, 2025 - 12:29
Slovakiya Aİ-yə şərt qoydu - “Dəstəkləməyə hazırıq, amma…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Nəşr qeyd edir ki, bu, onun macar həmkarı Peter Siyartonun həm Macarıstan, həm də Slovakiyanın buna qarşı olduğunu deməsindən bir neçə saat sonra baş verib. 

Blanar bazar ertəsi Aİ Xarici Əlaqələr Şurasının Brüsseldə keçirilən iclasından sonra bildirib ki, Slovakiya hökuməti hər bir sanksiya paketini milli iqtisadiyyata zərər verə biləcəyi baxımından qiymətləndirir.

“Danışıqlar hələ də davam edir. Amma indiyədək müzakirə edilənlərə əsasən, paketin Slovakiya iqtisadiyyatına mənfi təsir göstərməyəcəyi görünür və biz onu dəstəkləməyə hazırıq”, - deyə Slovakiyanın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Lakin o, əlavə edib ki, Slovakiya Rusiyanın enerji təchizatının kəsilməsinin nəticələrini yumşaltmaq üçün Aİ-dən “təminatlar” və dəstək tələb edəcək.

“Slovakiya Respublikasına həmçinin təsir edəcək arbitraj riskləri var – mümkündür ki, 20 milyard avroya qədər. Ona görə də biz bu mənfi nəticələrin necə aradan qaldırılacağına dair təminat tələb edirik”, - deyə nazir diqqətə çatdırıb. 

Blanar deyib ki, Slovakiya üçün sanksiyalar paketinin müzakirəsinin Avropa Şurasına daşınması və RePowerEU-nun təklifi ilə əlaqələndirilməsi siyasi baxımdan vacibdir. Ona görə də həm o, həm də baş nazir Robert Fitso Avropa Komissiyasının prezidenti və ölkəsi RePowerEU təşəbbüsü ilə bağlı müzakirələrə rəhbərlik edəcək Danimarkanın baş naziri ilə görüşməyə can atır.

Qeyd edək ki, indiyədək Slovakiya dəfələrlə hədələsə də, Rusiyaya qarşı heç bir sanksiyalara veto qoymayıb və ya blok etməyib.

Xatirə SADİQ