SNUKER – Tanıtma
Bu oyunu özüm üçün cəmi 2 il bundan əvvəl kəşf etdim. Və dərhal vuruldum.
Televiziya verilişlərinin, küçə və dükanlardakı nizamsız izdihamın, insanı sıx əhatə edən yalan və riyakarlığın qıcıqlandırıcı amilləri arasında məhz snukerlə rahatlıq tapdım.
Bu oyunu XX əsrin ortalarında Britaniya ordusunun polkovniki Hindistanda asudə vaxtını mənalı keçirməkdən ötrü icad edib.
Snuker bilyard stolu arxasında oynanılır. Amma bu stolun, luzaların, şarların ölçüləri digər bilyard oyunlarındakından fərqlidir. Təbii ki, qaydalar da fərqlənir. Vaxtaşırı nadinc beyinlər oyunun qaydalarını qismən dəyişməyi təklif edirlər. Lakin belə olarsa, bütün mövcud nəticələr, rekordlar ləğv ediləcək. Tarix silinəcək. Yaxşısı budur, həmin başlar, beyinlər özlərinə yeni oyun yaratsınlar və gicəllənənədək əylənsinlər. Şahmatın başına gətirilənləri görmüşük.
Snuker idmandır ya incəsənət? “İdman”, “incəsənət”, “ikisi də birlikdə” deyənlər qoy qızğın mübahisə aparsınlar. Mən isə sakitcə deyim: heç biri. Oyundur. Atletik deyil, fiziki təmassız, toqquşmasız, zədəsiz. Məhz bu səbəbdən snukeri əzizlərimə, o cümlədən əziz xalqıma tövsiyə edirəm. Fiziki hazırlıq isə, hamıya olduğu kimi, snukerçiyə də vacibdir. Ən azı gümrahlıqdan ötrü.
Oyunda babat gəlir də əldə etmək mümkündür. Nə dərəcədə babat? Milyonçu olmaq üçün kifayət edir. Məsələn, 35 yaşlı Tramp indiyədək 10 milyondan artıq funt sterlinq qazanıb. 2023-cü ildə dünya çempionu olan Bressel təkcə bu qələbəyə görə yarım milyonla mükafatlandırıldı. Və həmən “Ferrari” idman avtomobili aldı. Özgənin işinə burun soxmağı sevənlərə isə cavabı belə oldu: “İki ölkədə evim, iki bahalı maşınım var idi. Sonra “Ferrari”ni arzuladım. Haqqımdır”.
Snukerdə iki növ yarış olur: reytinq yarışları və digər. Reytinq – oyunçuların peşəkar səviyyəsinin göstəricisidir. O, qonorarların məbləğinin üst-üstə toplanması ilə müəyyənləşir. Bütün digər yarışlarda da pul qazanmaq mümkündür. Sadəcə, həmin gəlir reytinqə əlavə olunmur.
Əsas, rəsmi yarışlar payız-bahar mövsümü ərzində keçirilir. Buraya Uels, Şimali İrlandiya, Şotlandiya, İngiltərə, Böyük Britaniyaya açıq çempionatları, Berlin, Şanxay, Honkonq və sair Masters turnirləri aiddir. Ərəbistanın neft şeyxləri öz yarışını keçirərək qalib üçün 250 min məbləğində mükafat və xüsusi qələbəyə görə əlavə 500 min dollar bonus təyin etdilər. Turnirin bu il bir daha olacağı gözlənilir. Göründüyü kimi, qonorarlar futbol, basketbol, boks, hətta qolfdakı qədər deyil. Amma sosial müavinətdən “bir az” fərqlənir...
Snuker ustaları başlıca olaraq Britaniyadandırlar. Bir neçə ildir ki, çinlilər onlarla ciddi rəqabətə giriblər. Arada 1 iranlı, 1 nəfər Hindistan, Pakistan və bir neçə Tailand təmsilçisi də gözə dəyir. Avstraliyalı Robertson isə dünya liderləri sırasındadır.
Snuker yarışları adətən geniş, rahat zallarda keçirilir. Onlar bəzən 2 min adam tutur. Ən soyuq qış aylarında tamaşaçılar qısaqol köynəkdə otururlar. Auditoriya irqindən, millətindən, reytinq səviyyəsindən asılı olmayaraq bütün iştirakçılara eyni dərəcədə hərarətli, həssas münasibət bəsləyir. Əlbəttə, hərənin öz sevimlisi var. Mən də qısa müddətdə əvvəl kimisə sevmişəm, sonra hansısa səbəbdən "xəyanət" edib başqasına keçmişəm. Xoşuma gəlməyənlər də var. Amma bütün bunlar hər kəsin oyunundan tam zövq almağa mane olmamalıdır.
Hazırda dünyanın snuker favoritləri Cad Tramp, Ronni O'Sallivan, Con Higgins, Ali Karter, Kayren Uilson, Mark Selbi, Mark Uilyams, və başqalarıdır. Bir az geridə gələn digər oyunçulardan hər an sürpriz gözləmək olar. Mövsümi yarışların nəticələri əsasında tərkibi dəyişən Top-16, Top-32 və Top-100 var. Ustaların oyununa baxmaq ləzzətdir! Dəqiq zərbələr, şarın lazımi nöqtəyə gətirilməsi... Sanki onu əl ilə qoyurlar. Tramp solaxay olsa da, hərdən sağ əli ilə yüksək oyun səviyyəsi nümayiş etdirir. Elə bil demək istəyir: “Belə də bacarıram”.
Nədənsə əminəm ki, yazımı oxuyan heç kəs snukerlə tanış deyildi. Məqsədim məhz tanıtmaqdır. “YouTube”da bir-iki dəfə bax. Bəlkə sənin də xoşuna gəldi. Hazırkı dünya çempionatının finalı may ayının 5-də keçiriləcək. Ondan əvvəlki günlərdə səkkizdə-bir, dörddə-bir, yarımfinal mərhələsinin oyunları olacaq. Yarışlar Azərbaycanın kabel televiziyalarında “Eurosport” kanalı vasitəsilə yayımlanır. Tacir Əsgərin prinsipi üzrə “Gör – sev”. Övladın qazananda, mənə də “Halal olsun, ay Əziz!” deyərsən.
A.ƏZİZ