Sülh sazişi imzalanmağa hazırdır - Azərbaycan və Ermənistan XİN-dən təsdiq

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib.

Mar 13, 2025 - 18:45
Sülh sazişi imzalanmağa hazırdır - Azərbaycan və Ermənistan XİN-dən təsdiq

SAVASHMEDİA.az-ın məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunduğu bildirilib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

Ermənistan Xarici İşlər Nazirliyi də Azərbaycanla sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını təsdiq edib.

Ermənistan XİN bu barədə bəyanat yayıb. 

Bildirilib ki, Ermənistan XİN diplomatik kanallar vasitəsilə sülh sazişində razılaşdırılmayan iki maddə üzrə Azərbaycanın təklifini qəbul etdiyini Bakıya çatdırıb. 

“Sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sazişin imzalanma yeri və tarixi barədə Azərbaycanla konsultasiyaları başlatmağa hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını açıqlayıb.