Suriya prezidentindən Putinə təklif - “Qoşunları İsraillə sərhəddə yerləşdirin”
Moskvaya ilk dəfə səfər edən Suriya prezidenti Əhməd əl-Şaraa İsrailin təzyiqlərinə müqavimət göstərmək üçün Rusiyadan dəstək istəyib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Mənbələrə görə, Suriya lideri Moskva ilə Suriyanın cənubunda silahsızlaşdırılmış zonanın genişləndirilməsi ilə bağlı İsrailin tələblərinin yumşaldılmasını müzakirə etməyi planlaşdırıb və ola bilsin, Rusiya hərbi polisinin Suriya-İsrail sərhədinə yerləşdirilməsini təklif edib. Suriya liderinin fikrincə, bu addım İsrailin mümkün zərbələrinə və Suriya sərhədlərinin pozulmasına qarşı təminat ola bilər.
Rusiyalı həmkarı ilə danışıqlar zamanı Əl-Şaraa Dəməşq və Moskva arasında mövcud olan bütün sazişləri, o cümlədən Latakiya və Tartusda Rusiya bazalarının saxlanılmasına dair razılaşmanı saxlamaq niyyətində olduğunu bir daha təsdiqləyib.
“Biz bütün imzalanmış sazişlərə hörmət edirik və əlaqələrimizi yeniləməyə çalışırıq”, - Suriya prezidenti bildirib.
Putin də öz növbəsində qeyd edib ki, Moskva “çoxlu maraqlı və faydalı təşəbbüsləri həyata keçirməyə” hazırdır.
Agentliyin mənbələri həmçinin xəbər veriblər ki, Suriya Moskvadan keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının yenidən silahlanmasına müdaxilə etməyəcəyinə dair zəmanət almağa can atır, eləcə də ordusunun yenidən qurulmasında yardıma ümid edir.
“Reuters” qeyd edir ki, Əl-Şaranın Moskva səfəri son dərəcə həssas xarakter daşıyır. Rusiya uzun illər Əsəd rejimini dəstəkləyib və onun devrilməsindən sonra keçmiş prezident və onun ailəsinə Moskvadan siyasi sığınacaq verib.
İki suriyalı mənbə “Reuters” agentliyinə bildirib ki, Əl-Şaraa Rusiya tərəfindən Əsədin Suriya ədalətinə təslim edilməsini xahiş etmək niyyətindədir. Lakin ekspertlər hesab edirlər ki, Kreml çətin ki, bu tələbi yerinə yetirsin. Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiya Əsədə “həyatına təhlükə olduğuna görə” sığınacaq verib.
Suriya lideri siyasi məsələlərlə yanaşı, Moskvadan iqtisadi güzəştlərə nail olmağa ümid edir. Onların arasında güzəştlər əsasında taxıl tədarükünün bərpası və müharibənun vurduğu zərərin aradan qaldırılması kimi məsələlər var. Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, Moskva neft layihələrinin, enerji, dəmir yolu və münaqişə illərində dağılmış Suriya infrastrukturunun bərpasında iştirak etməyə hazırdır.
Aytən İbrahimova