Tanınmış türk iş adamı xəstəxanadan qaçırıldı - ŞOK OLAY
İstanbulun Zeytinburnu qəsəbəsindəki xəstəxanalardan birində müalicə olunan iş adamı İnan Kıraç naməlum şəxslər tərəfindən qaçırılıb.
Bu barədə "CNNTürk" məlumat yayıb.
Bildirilir ki, yaxınlıqdakı şəxslər müdaxilə etsə də, İ.Kıraçı xilas etmək mümkün olmayıb.
Polis 87 yaşlı iş adamını tapmaq üçün axtarışlara başlayıb.
İ.Kıraç Londonda "College of Business"də təhsil alıb. 1961-ci ildə "Koç Holdinq"in şirkəti olan "Ormak"da işə başlayıb. 1966-cı ildə "Otoyol" ASC-nin baş direktoru olub. Sonrakı illərdə holdinqin avtomobil şirkətlərində baş menecer vəzifəsində çalışıb.
1981-ci ildə Qalatasaray Təhsil Vəqfini yaradıb. Türkiyə Təhsil Könüllüləri Vəqfinin qurucularından biridir. Onun ilk evliliyi Vehbi Koçun qızı Suna Kıraçla olub. Cütlüyün İpek Kıraç adlı bir qızı var. O, 2024-cü ildə "Koç Holdinq"in keçmiş əməkdaşı Əminə Alanqoya ilə ailə həyatı qurub.
İş adamının qızı atasının sağlıq durumunun yerində olmadığını iddia edərək bu evliliyə qarşı çıxmışdı və nikahın pozulması üçün məhkəməyə müraciət etmişdi.
Əminə Alanqoya 1970-ci ildə "Koç Holdinq"də maliyyə şöbəsində işə düzəlib və holdinqdə 53 il müxtəlif vəzifələrdə çalışıb. (teleqraf)