Ərdoğanın namizədi kürəkəni olacaq? - Səlcuq Bayraqdar prezidentliyə doğru
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilərdə namizəd olmayacağına eyham vurması onun siyasi varisi ilə bağlı ehtimalların müzakirəsini yenidən intensivləşdirib.
Türkiyənin müxalif mediası Ərdoğanın varisi kimi bir neçə şəxsin adını hallandırsa da, əsas namizəd kimi Səlcuq Bayraqdarı önə çıxarır.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu baxımdan Türkiyə prezidentinin müşaviri Oktay Saralın bugünkü gözlənilməz açıqlaması diqqət çəkir.
O, sosial media hesabındakı paylaşımında prezident Ərdoğanın kürəkəni Səlcuq Bayraqdarı "marşal" adlandırıb.
Oktay Saralın paylaşımı
Türkiyə mətbuatı isə bunu Ərdoğandan sonrakı dövrə hazırlaşdığı iddia edilən Səlcuq Bayraktarın təbliğat kompaniyasının başlanğıcı kimi qiymətləndirib.
Təbii ki, bütün bunlar yalnız ehtimallardır, gələcəkdə nələrin olacağını isə elə gələcək göstərəcək.
Biz isə adı Ərdoğanın siyasi varisi kimi hallandırılan Səlcuk Bayraktarla daha yaxından tanış olaq.
Səlcuq Bayraqdar – türk mühəndis, ixtiraçı və müdafiə sənayesi rəhbəridir. O, Baykar Teknoloji şirkətinin texniki direktoru və idarə heyətinin sədridir. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.
Səlcuq Bayraqdar 1979-cu ildə İstanbulda doğulub. İstanbul Texniki Universitetində elektronika və rabitə mühəndisliyi üzrə bakalavr təhsili alıb. Daha sonra ABŞ-da -Pennsylvania Universiteti və Massachusetts Texnologiya İnstitutu kimi nüfuzlu ali təhsil ocaqlarında təhsilini davam etdirib və aerokosmik mühəndislik sahəsində tədqiqatlar aparıb.
Baykar şirkəti Bayraktar ailəsinə məxsusdur və Türkiyənin ən önəmli müdafiə texnologiyası şirkətlərindən biridir. Selçuk Bayraktar bu şirkətdə Bayraktar TB2, Bayraktar Akıncı, Bayraktar Kızılelma kimi pilotsuz uçuş aparatlarının (PUA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) hazırlanmasında əsas rol oynamışdır.
Bu texnologiyalar təkcə Türkiyədə deyil, bir çox xarici ölkələrdə də istifadə olunur və Azərbaycanın da müdafiə imkanlarında mühüm yer tutur.
Səlcuk Bayraqdar həmçinin gəncləri elmə və texnologiyaya təşviq edən TEKNOFEST festivalının təşkilatçılarındandır. O, "Milli Texnologiya Hərəkatı" ideyasını dəstəkləyir və Türkiyənin yerli və milli texnologiyalar istehsal etməsinin vacibliyini vurğulayır.
Azərbaycanla əlaqələri
Səlcuq Bayraqdar dəfələrlə Azərbaycana səfər etmiş, Azərbaycan ilə Türkiyə arasında müdafiə və texnologiya sahəsində əməkdaşlığa töhfə vermişdir. Xüsusilə 2020-ci il Vətən Müharibəsi zamanı Bayraqdar TB2 SİHA-larının rolu Azərbaycan ictimaiyyətində və rəsmi dairələrdə yüksək qiymətləndirilib.
Oğuz