“Təmaslar çətin gedir” - Kremlin sözçüsü

“Ukraynada nizamlanma ilə bağlı təmaslar çətin gedir, mövzu sadə deyil”.

Apr 18, 2025 - 16:25
“Təmaslar çətin gedir” - Kremlin sözçüsü

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya bu münaqişəni həll etməyə, öz maraqlarını təmin etməyə çalışır və dialoqa açıqdır. Eyni zamanda danışıqlarda müəyyən irəliləyiş faktiki olaraq artıq qeyd oluna bilər. 

Peskov buna sübut kimi enerji infrastrukturu obyektlərinə hücumlara moratoriumun qoyulmasını göstərib.

Qeyd edək ki, Parisi tərk edərkən ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə bildirib ki, ABŞ bir neçə gün ərzində Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etmək cəhdlərini dayandıracaq. Onun sözlərinə görə, bu, “razılaşmanın əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa” baş verəcək.

Dövlət katibi bildirib ki, ABŞ prezidenti Donald Tramp son 87 gün ərzində bu müharibəyə son qoymaq üçün dəfələrlə səylər göstərib. “Biz indi elə məqama gəlirik ki, bunun ümumiyyətlə mümkün olub-olmadığına qərar verməli və  müəyyənləşdirməliyik. Ona görə də hər iki tərəflə qarşılıqlı hərəkətdəyik”, - deyə Rubio vurğulayıb.

Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniya dövründə bəyan etmişdi ki, Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcək.

Xatirə SADİQ