Tiflisdə ABŞ-yə məxsus şirkətlərdə axtarış aparılır
“Concentrix Georgia”nın Tbilisidəki ofisində aparılan bugünkü axtarışlar saxta zəng mərkəzlərinin fəaliyyəti ilə əlaqədardır.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri, baş nazirin müavini Levan Davitaşvili məlumat verib.
Davitaşvilinin sözlərinə görə, İqtisadiyyat Nazirliyi autsorsing sektorunu yaxşı məşğulluq mənbəyi hesab etdiyi üçün nüfuzlu “Concentrix”i dəvət edib. O, istintaq orqanlarının şirkətin dəyərli BPO biznesi ilə məşğul olduğunu və bunun qeyri-qanuni fəaliyyət olmadığını təsdiqləyəcəyinə əmin olduğunu bildirib.
“Bilirsiniz ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən kriminal deyilən çağırış mərkəzləri ilə aparılan mübarizə ölkədə bu cür cinayət əməllərinin olmamasının təmin edilməsinə yönəlib”, - deyə nazir bildirib.
Baş nazir İrakli Kobaxidze cəmiyyəti istintaqdan məlumat gözləməyə çağırıb və bunun ictimaiyyət üçün çox maraqlı ola biləcəyini qeyd edib.
Lakin hökumətyönlü “İmedi” telekanalı heç bir araşdırma gözləmədən “Concentrix Georgia”da aparılan axtarışları üçüncü prezident Mixail Saakaşvilinin hökumətində işləmiş biznesmen Levan Kezeraşvili ilə əlaqələndirib.
Sentyabrın 6-da Kezeraşvili və daha üç şəxs “mütəşəkkil qrup tərəfindən dələduzluq və çirkli pulların yuyulmasında” ittiham olunub. İstintaq Gürcüstanda fəaliyyət göstərən zəng mərkəzlərindən əldə edilən 1 milyon dollardan çox gəlirin Kezeraşvili və onun ailəsinin iki üzvünün bank hesablarına köçürüldüyünü iddia edir.
Qeyd edək ki, “Concentrix Georgia” iri Amerika autsorsinq şirkətinin törəmə şirkətidir. Bu şirkət 2021-ci ildə investisiyaların cəlb edilməsi üzrə dövlət proqramı çərçivəsində Gürcüstana daxil olub.
“Concentrix Georgia” ilə yanaşı, bu gün ABŞ-nin “Atlantic Council” qeyri-hökumət təşkilatının əməkdaşları Sofo Gelava və Eto Buziaşvilinin evlərində axtarışlar aparılıb. Maliyyə polisi onların təkcə şəxsi deyil, qohumlarının telefonlarını və kompüterlərini də müsadirə edib. Gelava və Buziaşvili Rəqəmsal Məhkəmə Ekspertizası Tədqiqat Laboratoriyasının elmi əməkdaşlarıdır. Onlar dezinformasiya araşdırmaları üzrə ixtisaslaşıblar.
Xatirə SADİQ